Xəbər verdiyimiz kimi, Monteneqroda Türkiyə və Azərbaycan vətəndaşlarının iştirakı ilə zorakılıq hadisələri baş verib, onlarla şəxs polis tərəfindən saxlanılıb. Məlumata görə, həmçinin qanunsuz yaşayış sənədləri olan 45 Türkiyə və Azərbaycan vətəndaşı da tutulub.
Həmin vətəndaşlar ölkəmizə deportasiya edilə bilərmi?
Globalinfo.az-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Azər Allahverənov deyib ki, belə hallarda aidiyyəti qurumlar mövcud hüquqi prosedurlara uyğun şəkildə hərəkət edir:
“Əgər hadisə cinayət tərkibli hal kimi qiymətləndirilərsə, onunla bağlı qanunvericiliyə əsasən müvafiq tədbirlər görülür. Cinayət işinin açılması və digər hüquqi addımlar da məhz bu prosedur qaydalar çərçivəsində həyata keçirilir. Günah sübuta yetirilərsə, məsuliyyətin dərəcəsinə uyğun sanksiyalar tətbiq olunur. Bəzi hallarda şəxs qanunsuz miqrant kimi aşkarlansa da, günahı tam sübuta yetirilmədiyi üçün yüngül cəza tətbiq edilir və daha sonra deportasiya prosesi başlanır. Bəzi durumlarda şəxs əvvəlcə cəzasını həmin ölkədə çəkir və yalnız bundan sonra oradan çıxarılır. Yəni bu, hər bir situasiyada fərqli şəkildə tənzimlənir və birmənalı yanaşma mümkün deyil”.
Deputat bildirib ki, istənilən halda, şəxsin ölkədə qanunsuz yaşaması deportasiya üçün hüquqi əsas yaradır:
“Lakin qərar yalnız onun məsuliyyət dərəcəsi müəyyənləşdirildikdən sonra verilir. Bununla yanaşı, bu cür hallarda beynəlxalq əməkdaşlıq da vacib rol oynayır. Yəni ölkələr arasında sorğular göndərilir, cavablar alınır və şəxsin vətəndaşlığı dəqiqləşdirilir. Qanunsuz miqrantların deportasiyası adətən iki ölkə arasında imzalanmış readmissiya (geri qəbul) sazişləri çərçivəsində həyata keçirilir. Bu sazişlər həmin şəxslərin geri qaytarılması prosedurlarını və tərəflərin məsuliyyətini müəyyən edir. Azərbaycanın bir sıra ölkələrlə, o cümlədən Monteneqro ilə belə readmissiya sazişi mövcuddur. Buna görə də əgər hadisə həmin ölkə ilə bağlıdırsa, deportasiya prosesi də bu sazişdə nəzərdə tutulan hüquqi çərçivələr əsasında icra olunmalıdır”.















