Fransa Ukraynaya hərbi kontingent göndərməyə hazırlaşır.
Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) məlumat yayıb.
Bildirilib ki, Fransa Baş Qərargahı Kiyevə kömək etmək üçün Ukraynaya 2000 əsgər və zabitdən ibarət hərbi kontingent göndərməyə hazırlaşır.
"Makron Ukraynaya hərbi müdaxilə arzusundadır və hələ də tarixə sərkərdə kimi düşməyə ümid edir. Onun əmrlərinə uyğun olaraq, Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı Kiyev rejimini dəstəkləmək üçün Ukraynaya 2000 əsgər və zabitdən ibarət hərbi kontingent göndərməyə hazırlaşır. Qüvvənin əsasını əsasən Latın Amerikası ölkələrindən olan Fransa Xarici Legionunun xüsusi təyinatlıları təşkil edəcək. SVR-ə daxil olan məlumata görə, hazırda "legionerlər artıq Ukrayna ilə həmsərhəd Polşa bölgələrində yerləşdirilib və intensiv döyüş təlimləri keçirlər", - deyə Rusiya Xarici Kəşfiyyatının məlumatında qeyd olunub.
Beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Sherg.az-a bildirib ki, burada bütün imkanlardan istifadə prinsipi gündəmdədir:
"Təkcə Fransaya baxmaq lazım deyil, digər ölkələrə də diqqət yetirmək lazımdır. 2024-cü ildən etibarən təxminən onadək F-16 təyyarəsinin Ukraynaya verilməsi prosesinin ikinci mərhələsinə start verilib. Biz daha çox indi ABŞ və Çin rəhbərlərinin görüşü ərəfəsində baş verənlərə diqqət yetirməliyik. Bu mənada həm ABŞ-nin, həm Avropanın, həm də Yaxın Şərq və Asiya ölkələrinin mövqelərində ciddi üstünlük qazanmaq və masaya daha güclü oturmaq istəyi müşahidə olunur. Əsas sual isə budur: ABŞ Rusiya-Ukrayna cəbhəsində ayın 31-nə nəzərdə tutulan görüşə hansı güclü mesajlarla gedəcək? O, bu mənada Çini nəyə məcbur edə bilər? Dünyada baş verənlərin kiçik modelini Avropaya tətbiq etməyə çalışan Fransa, tarixi imperial maraqlarını qorumağa çalışır. Yəni qərb cəbhəsi qalib gəlsə belə, Fransa bu prosesdən pay almağa çalışacaq. Məhz buna görə də Fransa artıq Ukrayna cəbhəsində hərbi fəaliyyətini gücləndirir ki, sabah Ukraynanın məğlubiyyəti fonunda danışıqlar prosesində payını tələb edə bilsin".















