Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində Ermənistan xalqının sülhün tərəfdarı olmasını gözləyir. Baş nazir deyib ki, 2026-cı il sülh üçün həlledici il olacaq, çünki növbəti parlament seçkiləri iyunda keçiriləcək. Onun sözlərinə görə, bu seçkilərdə əsas suala cavab verilməlidir: "Ermənistan xalqı öz seçimi ilə sülhün tərəfdarı olmalıdır.
Bu, qarşıdan gələn seçkilərin əsas siyasi mənası və məqsədidir". Paşinyan əlavə edib ki, Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması barədə bəyanatı tarixi hadisədir: "Ermənistanın da müvafiq addımlar atması vacibdir. Paşinyan qeyd edib ki, Qazaxıstandan Ermənistana ilk taxıl partiyası Azərbaycan-Gürcüstan-Ermənistan dəmir yolu marşrutu ilə Azərbaycan ərazisindən idxal ediləcək". Qeyd edək ki, Prezident İlham Əliyev Astanada Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını deyib. Dövlət başçısı vurğulayıb ki, ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub: "Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir". N.Paşinyan Prezident İlham Əliyevə Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasına görə təşəkkür edib.
Millət vəkili, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycan tərəfi Ermənistanla münasibətlərin normallaşması üçün çox addım atıb. Deputat vurğulayıb ki, regionda davamlı sülhə, sabitliyə nail olunması istiqamətində mühüm işlər görmüşük:
"Bugünkü reallıqlar Azərbaycan tərəfindən bərqərar olunub. Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə, əslində, Ermənistana da suverenlik qazanmaq imkanını verib. Ermənistan Rusiyanın forpostu olub, indi də Moskvadan kifayət qədər ciddi asılılığı mövcuddur. Təbii ki, qarşı tərəfdən yekun sülh sazişinin imzalanması üçün adekvat addımların atılmasını gözləyirik. Vaşinqton görüşündən dərhal sonra Azərbaycan Prezidenti vurğuladı ki, Ermənistana mühüm ev tapşırıqları verilib. İrəvanın ən önəmli ev tapşırıqlarından biri Konstitusiya dəyişikliyinə getməkdir. Ermənistan ictimaiyyətində bununla bağlı fikir müxtəlifliyi var. Paşinyan da riskli addımlar atmaq gücündə deyil. Çünki qarşıdan parlament seçkiləri gəlir. Seçkilər ərəfəsində özünə qarşı olan qüvvələri bir qədər də gücləndirmək istəmir. O mənada ola bilsin ki, Konstitusiya dəyişikliyi ləngisin. Ehtimal edilir ki, parlament seçkilərindən sonra İrəvan hökuməti Konstitusiya dəyişikliyinə gedəcək. Bunun zərurəti ilə bağlı Paşinyan və komanda üzvləri də bəyanatlar səsləndiriblər".
Parlamentarinin qənaətincə, Ermənistandan verilən mesajlardan aydın olur ki, təxminən 2026-cı ilin sonlarına doğru referendum keçiriləcək:
"Paşinyan 2022-ci ildə Konstitusiya Şurasının yaradılması barədə qərar verib. Bu yaxınlarda həmin Şuraya yeni Konstitusiya hazırlanması barədə göstəriş verildiyi deyilir. Paşinyan özü də etiraf edir ki, indiyədək Ermənistan müstəqil, suveren dövlət olmayıb. O baxımdan baş nazirin 4-cü respublika yaratmaq təşəbbüsləri başadüşüləndir. Paşinyan müstəqil siyasət yürütməyə çalışır. Anlayır ki, şimal və cənub qonşumuza, o cümlədən Fransa kimi ölkələrə arxalanaraq bunu reallaşdırmaq qeyri-mümkündür. Ən optimal yol region dövlətləri - Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri qurmaq, sıx əməkdaşlıq etməkdir. Buna nail olmaq üçün də Konstitusiyanı dəyişdirmək lazımdır. Nə qədər tez etsələr, İrəvanın özü üçün yaxşıdır".


















