Ramiz Mehdiyevin dövlət çevrilişi planında əsasən sabiq məmurların adı hallanır. Amma sözsüz ki, Ramiz Mehdiyev yalnız sabiqlərlə bu planı həyata keçirə bilməzdi. Təbii ki, Ramiz Mehdiyevin planlaşdırdığı Dövlət Şurasına namizədləri arasında hazırda hakimiyyət kreslosunda oturanlar da vardı. Onlardan böyük əksəriyyətinin ordumuzdakı Rusiyaya bağlı generalların olduğuna şübhə yoxdur.
Amma şübhələndiyim başqa adamlar da var. Ramiz Mehdiyevin Moskvaya ünvanlandığı məktubunda yer alan bir cümlə mənim şübhələrimin əsas qaynağını təşkil edir: “Bu hakimiyyət qollarının fəaliyyətinə nəzarəti 50 üzvdən - cəmiyyətdə nüfuz sahibi olan görkəmli və təcrübəli dövlət xadimləri, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət nümayəndələrindən ibarət Dövlət Şurası təmin edəcək”.
Göründüyü kimi, Ramiz Mehdiyevin beynindəki 50 nəfərlik xəyanətkar qrup arasında elm adamları, mədəniyyət xadimləri və hüquqşünasların da olduğu xüsusilə vurğulanır. Uzun müddət AMEA-nın kurasiyasını həyata keçirən Ramiz Mehdiyevin “elm adamları” adı altında fəaliyyət göstərən rus agentlərini öz ətrafına toplaya bilməsi təəccüblü deyil. Yeri gələndə, dövlət dilimizdə danışa bilmədiyi halda, Azərbaycanın xalq yazıçıları və artistlərinin də onun yanında yer alması da təəccüb doğurmur. Məni ən çox maraqlandıran isə hüquqşünaslardır.
Ramiz Mehdiyevin tanınan qohumları arasında hüquqşünaslar da var. Onlardan biri Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğludur. Nəriman müəllimin R.Mehdiyevin qardaşı oğlu olduğu bildirilir.
Digəri Mehdiyev Mərdan Hüseynqulu oğlu – Bakı Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət Bölüyünün komandiri.
Bir başqası Mehdiyev Elvin Xanlar oğlu – Gömrük Komitəsində daxili xidmət polkovnik-leytenantı, rəis.
Mehdiyev Zahid Arif oğlu – Azərbaycan Respublikasının Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri və s.
Fəqət bu adamlar da artıq sabiqlər sırasına qoşulub. Onların çevriliş çetesində həlledici rol oynayacağına inanmıram. Hazırda fəaliyyətdə olan hüquqşünaslara gəlincə, hesab edirəm ki, onların kimliyini müəyyənləşdirmək üçün “Ana Vətən” partiyasının sabiq sədri Fəzail Ağamalının bir müddət əvvəl Musavat TV-yə verdiyi müsahibəyə nəzər salmaq yetərlidir.
Fəzail Ağamalının dediyinə görə, 2000-ci ildə o, Ramiz Mehdiyevin “radikal müxalifət”lə təmasa girdiyi və dövlət çevrilişi hazırladığı barədə məlumat əldə edir. Məlumatı İlham Əliyevə yaxınlığı ilə tanınan 2 nəfərə çatdırır – Heydər Əliyevin ingiliscə tərcüməçisi Rauf Hüseynova və o dövrdə parlamentin spikeri işləyən Murtuz Ələsgərova. Amma onlar məlumatı İlham Əliyevin əvəzinə Ramiz Mehdiyevə çatdırırlar. Fəzail Ağamalı isə bu fakta əsaslanıb o dövrdə sahibi olduğu “Şərq” qəzetində “Ramiz Mehdiyev və Murtuz Ələsgərov İlham Əliyevə qarşı” sərlövhəli məqalə dərc etdirir, xəyanətkarlar çetesinin iç üzünü açıb ortaya çıxarır.
Yaxşı xatirimdədir ki, həmin dövrlərdə Klivlendə müalicə alan Heydər Əliyev Bakıya geri qayıtdıqdan dərhal sonra Rauf Hüsynovu işdən uzaqlaşdırır. Ardınca da bir müşavirə keçirərək, Murtuz Ələsgərovun "X" gününə hazırlaşdığını və onun yerində oturmaq istədiyini planlaşdırdığını deyir. Amma bu arzusunun “Murtuz Ələsgərovun gözündə qalacağını” da fikrinə əlavə edir.
Qeyd edim ki, o dövrün Konstitusiyasına görə, Prezidentin başına bir iş gələrdisə, hakimiyyət Milli Məclisin sədrinə keçərdi. Mərhum Heydər Əliyev söz verdiyi kimi, prezident kürsüsündə oturmağı “Murtuz Ələsgərovun gözündə qoymaq” üçün referendum keçirib ölkə başçısını əvəzləmək səlahiyyətini spikerdən alaraq, Baş nazirə verdi. Sonra isə o dövrün Baş naziri Artur Rasizadəni İlham Əliyevlə əvəz etdi. Beləcə, indiki ölkə başçısı bir müddətdən sonra vəfat edən Heydər Əliyevi əvəzləmək səlahiyyəti qazandı.
Məsələ burasındadır ki, mərhum Murtuz Ələsgərov o dövrdə Ramiz Mehdiyevlə əlaqəyə girdiyi üçün cəzalandırılmadı. Əksinə, onun oğlu Fuad Ələsgərov bir növ mükafatlandırılaraq 1994-cü ildən bəri rəhbərlik etdiyi PA-nın hüquq şöbəsinin rəhbəri vəzifəsində saxlanıldı. 31 may 2017-ci il tarixindən isə onun səlahiyyəti daha da artırılaraq həm də Prezidentin hərbi məsələlər üzrə köməkçisi oldu.
İndi isə görünən budur ki, Ramiz Mehdiyev öz çevriliş planında oğul Ələsgərovun rəhbərlik etdiyi sahənin hüquqşünaslarına və hərbçilərinə bel bağlayır. Bundan Fuad müəllimin nə qədər xəbəri olub-olmadığını deyə bilmərəm. Yəqin ki, aparılan istintaq prosesi bu suala da aydınlıq gətirəcək. Mənim bildiyim isə odur ki, Ramiz Mehdiyev 50 nəfərlik xəyanət çetesinin siyahısına yalnız sabiqlərin adını yazaraq dövlət çevrilişi edə bilməzdi.
Heydər Oğuz - "DİA-AZ"

















