Gəncədə çalışdığı marketdə iş yoldaşını qətlə yetirən 2005-ci il təvəllüdlü Sənan Şəfiyevə hökm oxunub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilib.
Qeyd edilib ki, hadisə ötən ilin dekabrın 22-si “Daş Körpü” adlanan ərazidə yerləşən “Dilqəm market”də baş verib. Belə ki, marketdə satıcı-kassir işləyən Sənanla 1998-ci il təvəllüdlü satıcı Məhəbbət Hüseynov arasında süd məhsullarının yerləşdirilməsinə görə mübahisə olub. Bu zaman Sənan kolbasa doğramaq üçün istifadə edilən bıçağı götürərək ona hücum edib və qətlə yetirib.
Məhkəmənin hökmü ilə Sənana 12 il həbs cəzası verilib.


















