Zaqatala şəhərinin Qaladüzü məhəlləsində bir sıra problemlər sakinləri narahat edir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zaqatalanın ən müasir və abad məhəllərindən biri şəhərin yuxarı hissəsində, qayalar üzərində ötən əsrin 70-80-ci illərində inşa edilən Qaladüzü məhəlləsidir.
Bu məhəllə ondan artıq çoxmərtəbəli yaşayış binalarını əhatə edir və zaman-zaman burada abadlıq-təmir işləri aparılıb.
Lakin yeni problemlər də az deyilmiş. Belə ki, məhələ sakinlərinin ərazinin son vaxtlar baxımsızlığı ilə bağlı giley-güzarı varmış.
Sakinlərin sözlərinə görə binaların qarşısındakı işıq dirəkləri yararsız vəziyyətə düşüb, gecə məhlədə işıq olmur. Digər tərəfdən uşaqlar üçün yelləncəklər keçən ildən düzəltdirilmək adı ilə aparılıb və hələ də təmir olunub geri gətirilməyib.
Sakinlər əvvəlki iki məsələnin həllində o qədər də narahat deyillər. Ən başlıcası budur ki, şəhərin ən baxımlı və müasir məhəlləsində günün müxtəlif saatlarında mal-qara peyda olur. Bəzən blokların qarşısına kimi gələn iribuynuzlu heyvanlar azyaşlıların hərəkətinə mane olur. Digər tərəfdən həyət-bacanı peyinləyərək natəmizlik yaradır ki, nəticədə günlərlə yerdən təmizlənmir.
Məhəllə sakinlərini narahat edən daha bir məsələ həyətdəki su kranlarının susuz qalmasıdır.
Adətən su gələndə onlar özləri həyətdəki ağac və gül kollarını suvarır, oyun və istirahət yerlərinə su səpərək sərinlədirdilər. İndi isə xeyli müddətdir ki, bulağa su gəlmədiyindən sakinlər mərtəbələrdən su gətirərək bu çətin işin öhdəsindən də gəlməyə çalışırlar.
Qaladüzü məhəllə salkinlərinin qaldırdığı məsələ ilə bağlı şəhər nümayəndəliyindən Bizim.Media-ya bildirildi ki, qeyd edilən faktlar haqda artıq məlumatlıdırlar. Sözügedən məsələlər məhəllə komitə sədr və üzvləri ilə birgə müzakirə olunacaq və mərhələli həlli istiqamətində işlərə başlanacaq.