Son günlər banklardan birində 170 milyon manat əmanətinin olması xəbəri ilə gündəmə gələn “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) sabiq prezidenti Cahangir Əsgərovun qızı Cəmilə Əsgərovanın rəhbərlik etdiyi və Londonda qeydiyyatda olan “Gazelli International Limited” şirkəti ləğv olunub.
Yeniavaz.comBöyük Britaniyanın müvafiq qurumlarına istinadən xəbər verir ki, “Gazelli International Limited” şirkəti 16 yanvar 2019-cu ildə “Soroka Limited” adı ilə qeydiyyata alınıb. 2024-cü ilin avqust ayından etibarən şirkətin adı “Gazelli International Limited” adlanıb. Şirkətin sonuncu maliyyə hesabatında göstərilib ki, “Gazelli International Limited”in xalis zərəri son bir ildə 4 dəfəyə yaxın artaraq 25 min funt-sterlinqə (57 min manat) yüksəlib.
Qeyd edək ki, AZAL-ın sabiq prezidentinin böyük qızı Cəmilə Əsgərovanın həyat yoldaşı italyan əsilli Britaniya vətəndaşı İqnazio Coraci hazırda Londonda qeydiyyatda olan “ASC Handling Limited” şirkətinə rəhbərlik edir. “ASC Handling Limited” şirkəti əsasən Londonun ən böyük hava limanı olan Hitrou Beynəlxalq Hava Limanında fəaliyyət göstərir.
Onu da bildirək ki, 2017-ci ildə ingilis əsilli Robert Norton ilə ailə həyatı quran Cahangir Əsgərovun kiçik qızı Məlahət (Mila) Əsgərova isə Londonda qeydiyyatda olan “Gazelli Art House Limited” şirkətinə rəhbərlik edir.