“Dəniz Mall” ticarət mərkəzində yerləşən “KFC” restoranında işçilərdən biri yıxılaraq xəsarət alıb.
Musavat.com xəbər verir ki, bu hadisədən sonra “KFC” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat vermədiyi üçün cərimə edilib.
“KFC”nin adı çəkilən filialının direktoru vəzifəli şəxs kimi 1000 manat cərimə edilib. Lakin direktor bununla razılaşmayıb və cərimənin əsassız olaraq yazıldığını bildirərək məhkəməyə üz tutub.
Direktor şikayətində bildirib ki, işçi xəsarət aldıqdan sonra nazirliyə məlumat verilib. Məhkəmədə də məlum olub ki, hadisədən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin canlı əlaqə vasitəsinə yazılmış mesajda işçinin xəsarət alması barədə məlumat verilib.
Bakı Nərimanov Məhkəməsi qərarın əsassız olduğu barədə qərar çıxarıb.