“Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu gün ABŞ Prezidenti Donald Tramp ilə görüşü olacaq. Bu görüş ABŞ Prezidentinin təşəbbüsü və rəsmi dəvəti ilə həyata keçiriləcək”.
Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov “Cebheinfo.az”-a açıqlamasında deyib.
O xatırladıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da Ağ Evdə olacaq:
“Onunla İlham Əliyev arasında da görüş baş tutacaq. Eyni zamanda, Trampın təşəbbüsü ilə üçtərəfli görüşün də keçirilməsi gözlənilir. Bu görüşü həm də Azərbaycan-ABŞ konteksində qiymətləndirmək olar. Bu gün Bakı ilə Vaşinqton arasındakı ikitərəfli münasibətlərdə dinamik inkişaf tempi var”.
Millət vəkili qeyd edib ki, bu görüş çərçivəsində siyasi, iqtisadi və təhlükəsizlik konteksində məsələlər müzakirə ediləcəyi gözlənilir:
“Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında səmimi münasibətlər formalaşıb. Dövlətimizin başçısı dəfələrlə söyləyib ki, Trampın birinci hakimiyyət dönəmində Azərbaycan-ABŞ münasibətləri bütün istiqamətlər üzrə inkişaf tempinə malik olub.
Xüsusilə enerji təhlükəsizliyi, beynəlxalq təhlükəsizliyin qorunması, sülhə töhfə və terrorçuluğa qarşı mübarizə məsələlərində mövqelərimiz tam üst-üstə düşüb. Yəni fundamental məsələlərdə ortaq mövqedən çıxış etmişik. İndi də eyni siyasət davam etdirilir”.
Deputat bildirib ki, Trampın ikinci hakimiyyəti dönəmində də Bakı ilə Vaşinqton arasındakı münasibətlər inkişaf edir:
“Təsadüfi deyil ki, Tramp da cənab Prezident İlham Əliyevin onun haqqında fikirlərini öz sosial şəbəkə platformasında paylaşmışdı.Bu da nadir hadisələrdən biridir. Fövqəldövlətin liderinin elə də böyük olmayan bir dövlətin rəhbərinin çıxışını paylaşması çox nadir hallarda olur.
Deməli, İlham Əliyevin sözünün dəyəri və mənası dünyada da böyük əhəmiyyətə malikdir. Tramp da eyni məntiqlə Azərbaycan liderinə qiymət verir”.
Elman Nəsirov bu gün Ağ Evdə İlham Əliyev, Nikol Paşinyan və Donald Tramp arasında keçiriləcək görüşdən gözləntilər barədə də danışıb:
“Görüş çərçivəsində regional təhlükəsizlik məsələləri, Ermənistan-Azərbaycan sülh prosesi əsas diqqət mərkəzində saxlanılacaq. Birgə bəyanatın imzalanması da istisna deyil. Bundan başqa, ATƏT-in Minsk Qrupunun buraxılacağına da ümidlər böyükdür.
Bu barədə də razılaşma əldə edilə bilər. Sülh müqaviləsinin paraflanması ilə bağlı addımın atılması proqnozlaşdırılır. Ümumiyyətlə, bu görüşün çox böyük siyasi və geosiyasi əhəmiyyəti olacaq”.