Son illər meyxana janrına qarşı tənqidlər artıb. Sosial şəbəkələrdə və televiziya efirlərində yayılan bəzi ifalar bu sənətin nüfuzuna xələl gətirdiyi üçün narazılıq doğurur. Xüsusilə “musiqili meyxana” adı ilə təqdim olunan bayağı ifalar cəmiyyət arasında ciddi müzakirələrə səbəb olur. Bəs əsl musiqili meyxana nədir və bu janrın bugünkü durumu necədir?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan meyxanaçı, bədihəçi Namiq Məna bildirib ki, bədihə janrının çox qədim kökləri var:
“4-cü əsrdən yaranan bu janr zamanla çox dəyişib. Əvvəllər heç bir musiqi olmadan, söhbət formasında şeirlər səsləndirilirdi. Sonralar sinəyə və dizə vuraraq bədahətən şeir demək ənənəsi yarandı. Müasir dövrdə isə Ağasəlim Çıldaq və Nizami Rəmzi aşıq janrı üzərində bədhiələr səsləndirməyə başladılar. Məsələn, “Asta sür maşını, amandır sürücü” Ağasəlim Çıldağa məxsus idi. Molla Məmmədin “Cəmilə qızım, Cəmilə” musiqisi, Nizami Rəmzinin isə “Bakılı balasıyam” və “Görəsən dünyaya nöş gəlib insan” kimi məşhur musiqili meyxanaları var idi. Nizami Rəmzi həm də kostyum və qalstuk dəbini gətirərək janrı toyxanalardan səhnəyə çıxardı, caz üzərində bədihələr ifa etdi”. Sezar pizza
Namiq Məna qeyd edib ki, bu gün də musiqili meyxanalar populyardır və istedadlı gənclər yetişir:
“Amma hazırda mətbuatda janrın üstünə çox gedirlər. Bunun əsas səbəbi bəzi ifaçıların məsuliyyətsiz yanaşmasıdır. Meyxana ciddi sənətdir, istedad tələb edir. Təəssüf ki, bu gün gördüyüm mənzərə ürəyimcə deyil. Efirə yalnız layiqli sənət nümayəndələri dəvət olunmalıdır. Çünki bir nəfərin yanlış davranışı bütün janra kölgə sala bilər. Musiqili meyxanaya münasibətim müsbətdir, özüm də lirik mahnılar ifa edirəm. Mədəniyyət və İncəsənət Universitetində vokal və aktyorluq təhsili almışam, muğam ifa edirəm. Meyxananın keyfiyyəti yetərlidir, amma hər kəs tənqid edir, ortada isə tutarlı fakt yoxdur. Tənqid əvəzinə, bu janrı zirvələrə daşıyacaq təkliflər vermək lazımdır”.
O, həmçinin bildirib ki, tənqid edən isanların savadı yoxdur:
"Mən yetəri qədər meyxana sənəti ilə bağlı faktlar gətirə bilərəm. Nizamidən, Seyid Əzim Şirvanidən tutmuş, Mikayıl Müşfiqə qədər hər birində bədahətən deyimlər var. Hətta aşıqlarımız belə bu siyahıya daxildir. Sadəcə tənqid edən insanların savadları o həddə çatmır. İki dəqiqə oturub, mənimlə söhbət etsələr, janra sevgiləri artacaq. Yenə də deyirəm, kiminsə meyxana janrına ürəyi ağrayırsa, təkminləşdirmə yolunda fikirlərini söyləyə bilərlər".