Məlum olduğu kimi, son illərdə Azərbaycanda xeyli sayda icra başçıları həbs edilib, vəzifəsindən uzaqlaşdırılıb. İndiyədək həbs edilən icra başçılarının əksəriyyəti eyni ittiham - korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətalma və mənimsəmə ilə saxlanılıb və məsuliyyətə cəlb olunublar. Bu fakt artıq ayrı-ayrı şəxslərin deyil, bütövlükdə yerli idarəetmə sisteminin struktur və nəzarət mexanizmlərinin problemlərini ortaya qoyur.
İcra başçılarının ardıcıl həbsi, ilk növbədə, yerli icra hakimiyyəti institutunun köhnəlmiş model üzərində qurulduğunu və şəffaf idarəetmə prinsiplərinə cavab vermədiyini göstərir. Bu da ictimai rəydə icra hakimiyyətləri institutunun effektivliyinə ciddi suallar yaradıb. Çünki eyni ssenari - rüşvət, torpaq və tikinti işlərində qanunsuzluqlar, sosial layihələrə ayrılmış vəsaitlərin mənimsənilməsi təkrarlanır. Bu, artıq sistemli bir problemə çevrilib.
Bütün bunlar fonunda, İH-lərin ləğvi və yerli özünüidarəetmə orqanlarının, yəni bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi məsələsi yenidən gündəmə gəlir.
Qeyd edək ki, yerli icra hakimiyyətlərinin ləğvi ideyası artıq uzun müddətdir ekspert dairələrində müzakirə olunur. Bildirilir ki, əgər mərkəzləşdirilmiş idarəetmə mexanizmləri yerli səviyyədə korrupsiyaya, vəzifə sui-istifadəsinə və hesabatlılığın itirilməsinə gətirib çıxarırsa, deməli, bu strukturun islahatı qaçılmazdır.
Mövzu ilə bağlı ekspert Natiq Cəfərli Musavat.com-a danışıb:
“Artıq 15 ilə yaxındır ki, bu məsələ haqqında danışırıq və hər dəfə eyni nəticəyə gəlirik: problem konkret şəxslərdə deyil, sistemdədir. Başqa sözlə desək, məsələ icra başçılarının kimliyində yox, icra hakimiyyəti institutunun öz mahiyyətində gizlənir.
Bu qurum əslində sovet dövründən miras qalmış “birinci katib” institutunun sadəcə ad dəyişmiş formasıdır. Lakin mahiyyət eyni qalıb: mərkəzdən idarəetmə, yerli özünüidarə orqanlarının zəifliyi və səlahiyyət-məsuliyyət balansının pozulması.
Məhz bu səbəbdən də illərdir icra başçılarının ard-arda həbs olunması, vəzifədən çıxarılması və ya yerlərinin dəyişdirilməsi problemin kökünü aradan qaldırmır. Çünki dəyişən yalnız şəxslərdir, sistem isə eyni qalır.
Əgər doğrudan da məsələni kökündən həll etmək istəyiriksə, icra hakimiyyəti institutu ləğv edilməlidir. Bunun üçün referendum keçirilməli, yerli idarəetmə sistemi bələdiyyələr və regional özünüidarə orqanları üzərində qurulmalıdır.
Yerli səviyyədə idarəetmə institutları həm real səlahiyyət, həm də məsuliyyət daşımalıdır. Yalnız bu halda yerli icra hakimiyyətləri xalq qarşısında hesabatlı, şəffaf və effektiv ola bilər. Əks halda, hər dəfə bir icra başçısının həbs olunması və ya yerdəyişməsi sadəcə “şəxsi məsələ” kimi görünəcək, amma sistem dəyişmədikcə nəticə də dəyişməyəcək”.

















