Parlament seçkiləri yaxınlaşdıqca Ermənistanda iqtidarla radikal müxalifət arasında informasiya-təbliğat savaşı qızışır. Hökumət həbslər apardıqca opponentlər də hakimiyyəti nüfuzdan salmaq üçün əlindən gələni edir.
Məsələn, həbsdə yatan Rusiya yönlü oliqarx-milyarder Samvel Karaperyanın təsis etdiyi və seçkilərdə qələbəni hədəfləyən “Bizim Yolumuz” hərəkatının koordinatoru və “Taşir Capital” QSC-nin baş direktoru Narek Karapetyanın iddiasına görə, Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyası (DXTK) onların elektrik enerjisi qiymətlərini endirmək təklifini rədd edib.
“Beş ay əvvəl, biz DXTK sədrinə elektrik enerjisi qiymətinin 3,6 milyard dram azaldılması təklifi ilə müraciət etdik, çünki qənaət və itkilərin azalması sistemdə müsbət balansa səbəb olmuşdu. Təklif komissiya sədrinin cavab məktubu ilə rədd edilib. Hakim partiya tərəfindən təyin olunmuş vəzifəli şəxsin niyə bunu rədd etdiyini təxmin edə bilərsinizmi?” - deyə o, provokativ sual verib.
Hələlik hökumətdən ittihama cavab verilməyib. Ancaq aydındır ki, radikal müxalifət bununla əhalinin “həssas yeri”ndən basmaqla onu seçkilər ərəfəsində hakimiyyət əleyhinə kökləmək istəyir. Çünki enerji qiymətləri istənilən ölkədə ərzaq qiymətlərinə birbaşa təsir edir.
Bəs belə üsullarla erməni müxalifəti nə dərəcədə hakimiyyəti gözdən sala bilər?
Professor Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında Paşinyanın indidən qalib gəldiyinin proqnozunu verdi: “Ermənistanda parlament seçkiləri öncəsi Rusiyaya bağlı və Paşinyan hakimiyyətinə müxalifətdə olan toplumun aktivliyi maksimum artacaqdır. Lakin bir böyük həqiqət ondan ibarətdir ki, bu toplum səsvermədə iştirak edəcək elektoratın 20-25%-dən çox deyil və ya ən yaxşı halda 30%-ə yaxın ola bilər. Bu isə o deməkdir ki, müxalifət gələn il keçiriləcək seçkiləri elə indidən uduzub. Ermənistandakı müxalifətin imkanları bundan artıq olsaydı, Paşinyan hakimiyyəti çoxdan səhnədən getmiş olardı. Lakin Rusiyanın da Ermənistandakı ”beşinci kolon"a verdiyi hərtərəfli dəstəyə baxmayaraq, müxalifət seçkilərdə uğur qazana bilmir. Çünki dediyimiz kimi, seçicilərin hardasa ? hissəsi Paşinyan hakimiyyətinin ətrafında cəmləşib və onun kursunu dəstəkləyirlər. Yəni ermənilərin böyük əksəriyyəti anlayırlar ki, Paşinyan Ermənistanı Rusiyanın forpostu statusundan xilas edib, onu normal dövlətə çevirmək istəyir. Ona görə də həmin elektorat bu günə qədər Paşinyanın Ermənistanın müstəqil dövlət olması yolunda etdiklərini yüksək qiymətləndirir. Odur ki, seçkilərdə Paşinyanın partiyasının qalib gələcəyinə şübhə yoxdur".
Ekspertin fikrincə, Avropa Birliyinin özünün növbəti tədbirini gələn il Ermənistandakı seçkilərdən bir qədər öncə, İrəvanda keçirmək qərarı da təsadüf hesab edilməməlidir: “Bu tədbirə Türkiyə və Azərbaycan prezidentlərinin dəvət olunması və onların bu tədbirdə iştirakı isə (Azərbaycan prezidentinin iştirak etməyəcəyi barədə xəbərlər yayılıb, amma rəsmi təsdiqlənməyib) Paşinyanın dünya siyasət müstəvisində əldə etdiyi uğurların daha bir təsdiqi hesab ediləcək.
Bütün bunların fonunda deyə bilərik ki, Ermənistanda Rusiyanın dəstəyi ilə Sərkisyan və Köçəryan kimi cinayətkarların və ya onların başqa nümunələrinin yenidən hakimiyyətə gəlməsi mümkün deyil. Düşünürəm ki, seçkilər ərəfəsində və ondan sonra bu yaramaz cinayətkarların pozuculuq hərəkətlərinə cavab olaraq, seçkilərdən dərhal sonra Paşinyan Sərkisyan, Köçəryan və digər Qarabağ canilərini Azərbaycana təhvil verəcək".
AMİP liderinin köməkçisi Əli Orucov erməni baş nazirin durmadan hədəflərinə doğru irəlilədiyini düşünür: “Ermənistanda qarşıdan gələn parlament seçkiləri yaxınlaşdıqca ictimai- siyasi proseslər də qızışır və qüvvələr arasındakı rəqabət daha da kəskinləşir, radikal hal alır. Paşinyanın mövqelərini və cəmiyyətdəki reytinqini azaltmaq üçün müxalifət bütün vasitələrə al ataraq, onu gözdən salmağa, bəzi hallarda isə təhrik etməyə çalışır. Təbii ki, bütün bu proseslərin başında da Moskva dayanır. Kreml indiki baş nazirin qarşısına cəhdlərinə rəğmən güclü rəqib çıxa bilmir. Erməni ictimaiyyəti də revanşistlərə dəstəyini ifadə etmir. Eks prezidentlər cinayətkar və qatil kimi tanınırlar. Kilsə artıq parçalanma ərəfəsindədir və erməni xalqı, həmçinin siyasi hakimiyyət üzərində təsirini sürətlə itirir. Paşinyanın rəqiblərinə yönəlik həmlələri öz effektini verməkdədir və seçkiöncəsi ən vacib maneələri demək olar ki, zərərsizləşdirmə yönündə qəti addımlar atır. Bu günlərdə məlum olur ki, Moskva ona bağlı olan hərbçiləri də baş nazrin üzərinə qaldırmağa cəhd göstərir. Bir müddət özünü təmkinli göstərməyə çalışan Rusiya artıq Paşinyana təzyiqlərini artırıb. Rus Pravoslav kilsəsi Erməni Apastol Kilsəsini dəstəkləməklə bağlı bəyanat verdi. Eyni zamanda XİN rəsmisi qızışdırıcı və təhrikedici fikirlər səsləndirməklə mövqe ortaya qoydu”.
Onun dediyinə görə, bunlar azmış kimi Paşinyanın rəqibi Putinin yeni vəzifəsi ilə görəvləndirildi: “Məlum məsələdir ki, Ermənistanın enerji sektoru Rusiyanın nəzarətindədir. İqtisadiyyatın digər sahələrində də böyük pay sahibidir. Moskva əlində olan iqtisadi və enerji rıçaqlarını işə salmaqla sosial gərginliyi və narazılığı Paşinyan komandasının üzərinə yönəltmək istəyir. Bu sahə elə bir sahədir ki, hər bir vətəndaşın həyatında öz təsirini göstərir. Məhz Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanması ilə Rusiyanın bu hədəsi onun əlindən alına bilərdi. Hesab edirəm ki, bu cəhdlər də uğursuz olacaq. Baş nazir addım-addım hədəf və məqsədlərinə doğru irəliləyir”.



















