Akademik Ramiz Mehdiyevin yaxın adamı hesab edilən keçmiş deputat Elton Məmmədovla bağlı məsələ bir neçə gündür müzakirə obyektidir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər idarəsinin sabiq müdiri, hazırda həmin qurumun Rəyasət Heyəti Aparatının Sosial xidmətlər şöbəsinin müdiri olan Elton Məmmədov bu qurumda baş verən qanunsuzluqlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqa cəlb edilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ibtidai istintaqı davam etdirilən cinayət işi üzrə 3 milyon manat büdcə vəsaitinin əsassız olaraq xərclənməsinə şübhələr müəyyən edilib.
Baş Prokurorluqdan bildirilib ki, istintaq tədbirləri nəticəsində əsassız olaraq xərclənmiş 3 milyon manat büdcə vəsaitinin Elton Məmmədov tərəfindən tam şəkildə dövlət büdcəsinə ödənilməsi təmin edilib.
“Elton Məmmədov Baş Prokurorluğa dəvət olunub, ona qanunvericiliyin tələbləri izah edilməklə rəsmi xəbərdarlıq edilib”, - deyə rəsmi məlumatda bildirilib.
Modern.az xəbər verir ki, rəsmi qurumların Elton Məmmədovla bağlı bu cür yumşaq davranışı sosial şəbəkələrdə və ictimaiyyətdə etirazlara səbəb olub.
Bununla bağlı müzakirələrdə eks-nəqliyyat nazirnin qardaşı olan keçmiş deputata külli miqdarda büdcə vəsaitinin mənimsənilməsinə görə sadəcə xəbərdarlıq edilməsinin çox yüngül cəza olduğu vurğulanmaqdadır.
İqtisadçı Natiq Cəfərli bildirib ki, Elton Məmmədov həmin vəsaiti hələ 3-4 il əvvəl mənimsəyib və ola bilsin ki, onu bamka yerləşdirməklə yaxşı pul qazanıb.
“Əgər o, 3 milyon manatı banklara illik 8-9%-lə (indi 10% də var) depozitə qoysaydı, ilə 240-270 min, 3 ilə ortalama 700-750 min manat pul qazanardı.
Yaxşı biznesdir, 3 milyon manat oğurla qoy banka, 3 il depozit faizini götür, sonra qaytar, sonda da sənə ancaq xəbərbarlıq etsinlər”, - deyə ekspert kinayə ilə vurğulayıb.



















