Mən, Roza Qarayeva, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin Media ilə iş sektoru üzrə aparıcı məsləhətçisi vəzifəsinə namizəd, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş müsahibənin nəticələri ilə bağlı şəffaflıq və qanunçuluq prinsiplərinin pozulması səbəbilə Dövlət Qulluğunu İdarəetmə Şurasına rəsmi qaydada müraciət etmişəm.
Müraciətimdə qeyd etmişəm ki, dövlət qulluğunun əsas prinsipləri olan obyektivlik, şəffaflıq və ədalətlilik pozulmuş, nəticədə dövlət orqanlarında qanun aliliyi prinsiplərinə zidd hallar müşahidə olunmuşdur.
Müraciətimdə qaldırdığım əsas məsələlər aşağıdakılardır:
1. Prezident Fərmanına riayət olunmaması
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə müsahibə keçirilməsi Qaydası”nın 4.3 və 4.4-cü maddələrinə zidd olaraq, müsahibə komissiyasının tərkibində yaxın qohumluq və şəxsi münasibət əlaqələri mövcud olmuşdur.
Belə ki, müsahibədə Elm və Təhsil Nazirliyinin sektor müdiri Billurə Hacızadə komissiya üzvü kimi, onunla eyni strukturda artıq 6 ilə yaxındır müqavilə əsasında çalışan Fərizə Əhmədova isə namizəd kimi iştirak etmişdir. Bu hal maraqlar toqquşması yaradır və qeyd olunan qaydalara əsasən, komissiya üzvünün həmin müsahibədə iştirakını istisna edir. Lakin bu tələblərə əməl olunmamış və müsahibə davam etdirilmişdir.
Bununla bağlı Dövlət İmtahan Mərkəzinə müraciət göndərmişəm, lakin bu günədək müvafiq qərar verilməmiş, nəticə ləğv olunmamışdır.
2. Şəffaflıq və obyektivlik prinsiplərinin pozulması
Müsahibə prosesində şəffaflığın təmin olunmaması nəticəsində qərarların obyektivlikdən uzaq və şəxsi maraqlara əsaslanaraq verildiyi qənaətinə gəlmək üçün əsas yaranmışdır. Komissiya üzvləri arasında şəxsi və peşə əlaqələrinin olması dövlət qulluğunda ədalət prinsipinə və ictimai etimada ciddi zərbə vurur.
Müraciətimlə bağlı sosial mediada yayılan məlumatlardan sonra “Nazirlik nümayəndəsinin mənə yüksək bal vermək istədiyi, lakin Dövlət İmtahan Mərkəzinin nümayəndəsinin buna etiraz etdiyi” fikirləri irəli sürülərək məsuliyyəti üzərlərindən atmağa çalışmışlardır. Halbuki bu, Prezident Fərmanına əməl olunmaması faktını aradan qaldırmır.
---
Yuxarıda qeyd olunanlara əsasən, Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin bu məsələ üzrə Prezidentin fərmanına riayət etməmələri və bu özbaşınalığın ictimaiyyətə çatdırılması məqsədilə məsələni işıqlandırmağınızı xahiş edirəm.
Hörmətlə,
Roza Qarayeva
"DİA-AZ"














