Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Məhkəmə Ekspertizası Mərkəzinin sabiq eksperti Rüfət Sultanovun işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxsə ittiham aktının elan olunması ilə başlayıb. Zərərçəkən şəxslərdən biri çıxış edərək, ona dəymiş zərərin ödənilməsini tələb edib:
"Yaşı ötmüş, günümü görmüş insanam, kimsənin pisliyini istəmirəm. Mən o pulu verəndə həyat yoldaşım təzəcə rəhmətə getmişdi, necə vermişəm, nə halda olmuşam xatırlamıram, halım üstümdə olmayıb. Pulumu qaytarsınlar, sonra hara gedirlər getsinlər. Pul qaytarılsa, onun həbs olunmasını istəmərəm".
Təqsirləndirilənlərin vəkilləri işlə tanış olmadıqlarını əsas gətirərək məhkəmədən vaxt istəyiblər. Bundan sonra məhkəmə növbəti prosesi 12 noyabr saat 10:30-a təyin edib.
Xatırladaq ki, 03 iyul 2025-ci il tarixində öz ərizəsi ilə işdən azad edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Rüfət Sultanovun icraatında olan iş üzrə rüşvət almasına əsaslı şübhələr yarandığından, toplanmış materiallar ekspertin əməlinə hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyi tərəfindən prokurorluq orqanlarına göndərilib.
Aparılmış istintaq hərəkətləri nəticəsində keçmiş ekspert R.Sultanov Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib.











