"Hamı bilir ki, Amerika və İran arasında danışıqlar bu günün gündəmindədir. Bütün TV və mətbuatda bu mövzu danışılır, bütün siyasətçilər tərəfindən analizlər aparılır. Hələ ki, bu analizlər bir-birindən fərqli ola bilər. Amma İranı yaxından tanıyanlar bu analizləri daha doğru verə bilər. Amerika ilə müharibənin başlanma ehtimalı əhalini çox narahat etmişdi. ABŞ prezidenti Donald Tramp ərəb ölkələrinə səfər etdi və milyardlarla dollar dəyərində iqtisadi əməkdaşlıqlara imza atdıqdan sonra gördü ki, ərəb ölkələri müharibənin olmasını istəmir".
Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında güneyli siyasi şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi bildirib ki, daha əvvəllər Səudiyyə Ərəbistanın şahı Donald Trampa “ilanın başı Tehrandadır” demişdi.
"Bu gün Ərəbistan dəyişib. Bunun üçün də regionda sülhə ehtiyac var. Bu gün Ərəbistan müharibəyə müxalifdir. Eyni zamanda aşağı Ərəb körfəzində olan ölkələr də müharibəyə müxalifdir. Çünki Amerika ilə İran arasında müharibə olarsa, Amerika ilə ərəb ölkələri arasında bağlanmış milyardlarla dollarlıq razılıqların heç biri reallaşmayacaq. İranda bütün millət hakimiyyətdən narazıdır. Hakimiyyət də qorxur ki, müharibə olsa və millət hakimiyyətin arxasında durmasa, hökumət süqut edə bilər"-deyə Maşallah Rəzmi qeyd edib.