Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidovanı skuter vurub.
Moderator.az-a açıqlama verən sənətçi beyninin silkələndiyini, hazırda xəstəxanada müalicə aldığını bildirib:
“Yavaş-yavaş düzəlirəm. Sabah MRT-nin cavabı çıxmalıdır. Bu artıq ikincisidir. Hər şey həkimin verdiyi rəydən asılıdır. İlkin nəticəyə görə kəllə sümüyümdə çat var, damar partlayıb. Ayağa qalxıb gəzə bilmirəm, ancaq uzanıqlı vəziyyətdəyəm” deyə o bildirib.
İradə Rəşidova hadisəni törədən şəxslə bağlı araşdırma aparıldığını bildirib:
“İş üzrə əməliyyat aparılır. Hadisəni törədən şəxslə bağlı hələ ki, bir xəbər yoxdur. Bütün baş verənlər bir yuxu kimi gəlir. Heç nə xatırlamıram. Necə yıxıldığımı bilmirəm. İş yoldaşım kömək edib ayağa qalxmağa. Mən düz yola baxırdım, o toqquşanda artıq yerə yıxılmışam. Hadisə baş verəndə adamlar toplaşmışdı, amma başımı qaldırıb baxa bilmirdim. Elə bildim maşın vurub, gördüm ki, yox maşınlar dayanıb. Həmin şəxsin cəza çəkməsini istəməzdim. Çünki o da bilərəkdən etməyib. Amma ən azından gərək getməzdi. Bəlkə o da əzab çəkir.. Bilmirəm. Məni bu gün düşündürən əsas məsələ əvvəlki sağlamlığıma qovuşmağımdır. Bir də heç istəməzdim ki, bu mövzu ilə gündəmə gəlim. Çünki teatr səhnəsində mənim bir-birindən gözəl rollarım var. Əvvəllər skuteri bulvarda sürürdülər, sayı da az idi. İndi isə çoxalıb. Bakının küçələri geniş deyil. Məndən əvvəl də belə qəzalar olub. O gün də Sahil metrosunun yaxınlığında baş verib. Bu günümə şükür. Qonşu palatada ağır xəstə yatır, səsi gəlir. Hər şey başqa cür də ola bilərdi. Allah məni qorudu” deyə sənətçi bildirib.