Ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəməsi davam etdirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxsin hüquqi varisi Cəmilə Əliyeva çıxış edib:
"Mənim oğlum boşanmaq istəyirdi. Amma mən oğluma el qınağına görə bu addımı atmağa imkan vermədim. Mənim oğlum heç siqaret çəkmir qaldı ki, narkotika istifadə etsin. Mən onun yola çıxanda şəxsi əşyalarının içində elektron siqaret tapdım. Oğlumun güvənini itirdiyinə görə onu çölə çıxmağa qoymurdu. Deyirdi ki, başını bağla amma o, da buna razı olmadı. Çox maraqlıdır ki, hadisəni heç bir qonşu görməyib. Təqsirləndirilən şəxs deyir ki, bütün əşyaları atıb. Halbuki onun belində problem var idi. Necə ola bilər ki, zərif qadın ola-ola ağır divanı aparıb? Xanım deyir ki, bütün qanlı əşyaları zibil yeşiyinə atıb. Bəs zibil daşıyan maşın bu qanlı xalçanı və divanı guya görmədi?. 11 ay üzbəüz oturub mənlə çörək yeyib oğlumu öldürdüyünü gizlədib. Bunu heç düşmən düşmənə etməzdi. Oğlumu öldürüb gizlədəndə uşaqlara deyirdi ki, atanız sizi atdı getdi daha gəlməyəcək".
Təqsirləndirilən şəxs bildirib ki, kravatın matrasını və onun yan tərəflərini mebel mağazasına gedərək dəyişdirib:
"Mənim bir telefonum var idi. Mərhum mənə imkan vermirdi telefon işlətməyə.
Mərhumun anası isə təqsirləndirilən şəxsin ifadələrinin həqiqətə uyğun olmadığını dedi.
Mərhumun atası Arif Əliyev məhkəmədə şahid qismində ifadə verib.
" Böyük qızımız Türkiyədə qalırdı və biz ora getdik. Düşündüm ki dekabrın sonuna kimi qalım. Amma bir həftə keçməmiş Bakıya qayıtmalı oldum. Gəlnim mənə zəng edib dedi ki, oğlum Samir yoxa çıxıb. Yoldaşım da Türkiyədən qayıtdı. Gəlnimlə mərhum oğlumla 2012-ci ilə qədər araları yaxşı olub. Oğlum onun telefonunda başqa bir adamın yazdığı mesaja görə aralarında mübahisə yaranıb və onu 2019-cu ildən çölə çıxmağa icazə vermədi. Təqsirləndirilən şəxs Samir öləndən sonra telefon işlədib. Mənə dedi ki Samir 500 manat verdi ki özünə telefon al. Oğlum torpaq satışı üzrə makler idi. Torpaq satışından pul qazanmışdı mənə elə gəlir ki, Elmira o pulu ələ keçirib".
Məhkəmənin növbəti iclası aprelin 30-na təyin edilib.
Qeyd edək ki, hadisə 2024-cü ildə Sabunçu qəsəbəsində qeydə alınıb. Belə ki, orada yaşayan 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri 12-ci polis şöbəsinə müraciət ediblər. Əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin arvadı Elmira Əliyeva tərəfindən ov silahı ilə qətlə yetirilməsi və meyitin yaşadığı evin həyətində basdırılması, qəbrin üstünə də güllər əkilməsi müəyyən edilib. Cinayəti törədən qadın saxlanılaraq, istintaqa təhvil verilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.









