Aqrar subsidiya sistemində külli miqdarda maliyyə pozuntularının üstü açılıb. Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kredit və İnkişaf Agentliyi, eləcə də Aqrar Subsidiya Şurasının fəaliyyəti ilə bağlı audit nəticəsində xeyli pozuntu və uyğunsuzluqlar aşkarlanıb. Auditi Hesablama Palatası aparıb.
Bizimyol.info xəbər verir ki, yoxlamalar 2022-2025-ci illəri əhatə edib. Audit zamanı bitkiçilik sahəsində dövlətin verdiyi dəstəyin nə dərəcədə səmərəli olması, nəticələri qiymətləndirilib.
Audit zamanı məlum olub ki, Aqrar Kredit və İnkişaf Agentliyi, hətta ilkin mərhələsi olan şum işləri belə təsdiq olunmayan 49 əkin bəyanı üzrə 117 min hektardan çox torpaq sahəsinə görə 19 fermerə 24,2 milyon manat subsidiya ödəyib.
Eyni sahələr üzrə Aqrar Sığorta Fondu xətti ilə sığorta haqları və sığorta hadisəsi üçün sığorta ödənişləri adı ilə əlavə 1 milyon 883 min 200 manat vəsait maliyyələşdirilib.
Audit nəticələrinə görə, subsidiya ödənilmiş əkin sahələri ilə faktiki biçilmiş sahələr arasında ciddi fərqlər də qeydə alınıb.
2022–2023-cü bəyan ilində biçilmiş əkin sahəsi üzrə məhsuldarlıq 14 sentner olduğu halda, ümumi əkin sahəsi üzrə bu göstərici 2,3 sentner olub.
Biçini aparılmayan 60 min 276,8 hektar sahəyə 13 milyon 863 min 700 manat əkin subsidiyası ödənilib.
Qeyd edək ki, Maliyyə Nazirliyi də bir müddət əvvəl əkin sahələri üçün ayrılan subsidiyaların məbləği ilə istehsal həcmi arasında uygunsuzluq olduğunu açıqlamışdı: “Əkin subsidiyasının əmsallarının artırılmasına baxmayaraq, müvafiq bitki növləri üzrə məhsul istehsalında azalmalar müşahidə olunur”.
Azərbaycanda aqrar subsidiyaların verilməsinə 2007-ci ildən başlanıb və ötən illər ərzində subsidiyaların həcmi getdikcə artırılıb. Hazırda bitkiçilik üzrə subsidiyaların baza məbləği 200 manat müəyyən edilib.










