Son dövrlərdə Litva, Polşa, Fransa, Almaniya, Estoniya, Moldova hətta Qazaxıstan və Gürcüstanda Rusiya ilə mümkün müharibə təhlükəsi gündəmə gətirilir. Bəzi hallarda bu ehtimala qarşı hazırlıqların başladığı vurğulanır.
Globalinfo.az-a danışan politoloq Rəşad Bayramovun sözlərinə görə, adıçəkilən, eləcə də Rusiya təhlükəsi səbəbindən hərbi büdcəsini artıran, təlimlər keçirən, sığınacaqlar yaradan digər ölkələr yaxşı başa düşürlər ki, Moskvanın onlarla müharibə aparmaq niyyəti yoxdur:
“Üç ildən artıqdır, Ukrayna bataqlığında ilişib qalmış, hərbi potensialı xeyli zəifləmiş, iqtisadi çətinliklər yaşayan Rusiyaya hətta Ukrayna savaşı bitsə belə özünə gəlmək üçün uzun illər lazım olacaq.
İkincisi, Aİ ölkələrindən hər hansı biri, xüsusilə də NATO ölkələri ilə müharibə Rusiya üçün olduqca ağır nəticələrə səbəb ola bilər.
Bunu həm Rusiya, həm də Aİ ölkələri yaxşı anlayırlar. Amma Ukraynaya dəstəyi davam etdirə bilmək və eləcə də ABŞ-ın təhlükəsizlik çətirini əvəz etmək üçün Avropa ölkələri maksimum şəkildə silahlanmağa məcburdur. Bu isə istər-istəməz iqtisadi problemlər yaradır. İqtisadi problemlər də təbii olaraq ölkədə sosial gərginliyə, qiymət artımlarına və s. səbəb olur.
Başqa sözlə desək, əhalinin narazılığını, sosial problemlər səbəbilə baş verə biləcək etirazları minimallaşdırmaq və neytrallaşdırmaq üçün Aİ ölkələri “Rusiyanın Ukraynadan sonra Avropaya üz tutacağı” ilə bağlı iddiaları ictimailəşdirir və təhlükəsizlik bəhanəsi ilə silahlanmanı və Ukraynaya dəstəyi davam etdirirlər”.
Politoloq bildirib ki, Rusiyanın Qazaxıstana və ya hər hansı Orta Asiya ölkəsinə savaş açması həmin ölkələri Aİ və NATO ilə daha sıx inteqrasiyaya vadar edə bilər:
“Üstəlik, belə bir ehtimal türk dövlətlərini də Rusiyaya qarşı birləşdirə və münasibətlərdə ciddi problemlər yarada bilər. Bu isə Rusiya sərhədlərində yeni gərginliklərə səbəb olar ki, Kremlin belə bir halı gözardı etməsi mümkün deyil.
Rəşad Bayramov
Düzdür, biz zaman-zaman Rusiya rəsmiləri və mediası tərəfindən SSRİ-nin dağılmasının qanunsuz olduğu və ya ayrı-ayrı postsovet ölkələrinə ərazi iddiaları ilə rastlaşırıq. Amma bu, sadəcə Rusiya daxilində şovinist ideyalardan bəslənən ayrı-ayrı qrupları və kütləni razı salmağa, həmçinin Ukrayna müharibəsinin uzanması ilə bağlı etirazları neytrallaşdırmağa yönəlik fəaliyyətdir.
Bir sözlə, nə Rusiyanın hələ uzun müddət kiməsə qarşı müharibə aparmaq imkanı var, nə də adıçəkilən ölkələrdən hər hansı biri Rusiya ilə müharibəyə hazırlaşır. Bu cür iddialar Avropa ölkələri üçün ictimai rəyi nəzarətdə saxlamaq, Rusiya üçün isə daxili auditoriyanı sakitləşdirmək məqsədi daşıyır”.