“Azərbaycanda əvvəllər problemli kreditlərin həcmi çox yüksək idi. Hətta 2.2-2.3 milyard dollara yaxın problemli kreditlər olub”.
Bu sözləri "Yeni Sabah"a açıqlamasında keçmiş deputat Vahid Əhmədov deyib.
O, problemli kreditlərin bütün ölkələrdə ciddi problem sayıldığını vurğulayıb:
“Həm Mərkəzi Bank, həm də kommersiya banklarında mütəmadi olaraq bu məsələlərə baxılır. Azərbaycanda əvvəllər problemli kreditlərin həcmi çox yüksək idi. Hətta 2.2-2.3 milyard dollara yaxın problemli kreditlər olub. Amma hazırda məndə olan məlumata görə, fevral ayına olan problemli kreditlərin ümumi məbləği hardasa 500 milyon manata yaxındır. Üstəlik, problemli kreditlərin bir hissəsi kommeriya, bir hissəsi isə fiziki şəxslərin götürdüyü istehlak kreditləridir”.
Vahid Əhmədov qeyd edib ki, fiziki şəxslərin problemli kreditlərinə yenidən baxmaq olar:
"Misal üçün, 2019-cu ildə devalivasiya olanda cənab Prezident fərman imzaladı və 10 min dollara qədər olan problemli kreditlərin həll olunması ilə əlaqədar müəyyən meyrlar tətbiq edildi. İndi isə belə kreditlərin ümumi həcmi kifayət qədər yüksək deyil. Lakin fiziki şəxslərin problemli kreditlərinə baxmaq olar. Çünki bu növ kreditlərin əsas həcm payı məhz istehlak kreditləridir.
Əgər hökumətin imkanı varsa, o cümlədən Mərkəzi Bankın bu istiqamətdə yanaşması olarsa, müəyyən addımlar atmaq olar. Amma kredit elə bir alətdir ki, o mütləq qaytarılmalıdır. Kredit götürən fikirləşməlidir ki, sabah bu məbləği qaytara biləcəyəm, ya yox.
Doğrudur, Azərbaycanda kredit faizləri də kifayət qədər yüksəkdir. Bu məsələyə də baxmağa ehtiyac var”.
Deputatı Müşfiq Cəfərov isə vurğulayıb ki, 44 günlük müharibə dövründə kredit borclarının silinməsi baş tutmuşdu:
“Əslində, bu təcrübə illərdir tətbiq olunur. Azərbaycan qanunvericiliyində də bu məsələlərlə bağlı ”İcra haqqında" Qanun var. Bu qanunda deyilir ki, icra məmuru məhkəmə qərarını 2 ay ərzində icra etməlidir. Onu maksimum 1 ay uzada bilər. Bu, o deməkdir ki, icra məmuru məhkəmə qərarını 3 ay ərzində icra etməlidir.
Qanunda daha sonra deyir ki, icrası mümkün deyilsə, onu dayandırmalıdır, xitam verməlidir. Həmin qanunda o da qeyd olunur ki, söhbət borcdan gedirsə, icra məmurunun vəzifəsidir ki, borclunun nə qədər əmlakı olduğunu müəyyənləşdirsin. Varsa, həmin əmlak əsasında ödənilməlidir, yoxdursa, işə xitam verilməlidir. Maksimum 3 aya bu proses yekunlaşmalıdır.
Təcrübədə görürük ki, bəzən borclunun həqiqətən də əmlakı yoxdur. Əmlak ya ona görə yoxdur ki, insan həqiqətən imkansızdır, ya da ona görə yoxdur ki, borclu dələduzdur, yüz minlərlə vəsaiti xərcləyib, əmlakını isə başqa adamların adına keçirib. Bu halda icra məmurları hüquq-mühafizə orqanlarına müraciət edə bilər ki, məsələ araşdırılsın.
Qanuna görə, əgər borcu olan vətəndaşın bir evi varsa, o, əlindən alına bilməz. Hazırda ölkəmizdə borclunun müflis olmasına görə ödənilməsi mümkün olmayan kredit borclarının məbləği ilə bağlı dəqiq statistika yoxdur. Təssüf, bəziləri də var ki, əslində, pulu var, ancaq rəsmi olaraq adlarında heç bir əmlak yoxdur. Digər tərəfdən, əgər bu gün problemli kreditlər 2 milyard manata yaxındırsa, onun 50 faizi ödəmə imkanı olmayan borclulara aiddir. Bütün hallarda sui istifadə halları çox olması nəzərə alınaraq, bəzən məhkəmələrdə sahibkarları müdafiə edə bilmir.
Azərbaycanda problemli kreditlərin silinməsi prosesi baş tutub. 44 günlük Vətən müharibəsində bu təcrübəni yaşadıq, şəhidlərimizin bank kreditləri silindi. Doğrudur bu təcrübə mütəmadi olaraq yaşanmır, amma bu bir neçə ildirki, artıq Rusiyada da bunu müharibədə həlak olan və itkin düşənlərə şamil olunması prosesi gedir”.