Milli Məclisin Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr Komitəsinin sədri, deputat Səməd Seyidov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Səməd müəllim, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi və Qarabağ bölgəsi ilə bağlı səsləndirmiş olduğu fikirlərə münasibətiniz necədir? Ukrayna ərazisində yaranmış 4 bölgə ilə Qarabağ arasında müqayisə aparmaq hansı məntiqlə izah oluna bilər?
- Azərbaycanın Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı bəyanatı çox düzgün, yerində və vaxtında verilib. Məhz bu bəyanatla həmin məsələlər bir daha şərh edildi, həm də ölkəmizin reaksiyası bildirildi. 2022-ci ildə Azərbaycanla Rusiya arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb. Bu bəyannamədə ölkələrin daxili işlərinə qarışmamaqla yanaşı, ərazi bütövlüyünü tanımaq və bu istiqamətdə hansısa işlərin görülməməsi ilə bağlı öhdəliklər öz əksini tapıb. Çox təəsüflər olsun ki, Medinski siyasi savadsızlıq göstərdi. Bu siyasi savadsızlığın adi insan tərəfindən deyil, Rusiya Tarixi Cəmiyyətinin sədri tərəfindən edilməsi təəsüf doğurur. Bu nöqteyi-nəzərdə tarixi bu şəkildə yozmaq, müqayisə olunmayan məsələləri müqayisə etmək, Azərbaycanın ədalətli şəkildə öz ərazilərini işğaldan azad etməsini mübahisəli ərazilər uğrunda mübarizə kimi təqdim etmək ən azı siyasi savadsızlıqdır.
- Son zamanlar Kremldən rəsmi Bakıya qarşı bu cür iddiaların səsləndirilməsi nə ilə bağlıdır? Rusiya bununla hansı mesajları verməyə çalışır?
- Təəsüf ki, son zamanlar Rusiya tərəfindən ölkəmizə qarşı bu kimi yanaşmalar müşahidə edilməkdədir. Bu tək Medinski ilə bağlı deyil. Rusiyanın siyasi rəhbərliyi tərəfindən Azərbaycanla normal münasibətlər sərgiləmək üçün cəhdlər edilir. Amma bununla yanaşı, bu siyasi rəhbərliyin içərisində kimlərsə, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək üçün problemlər yaradır. Sanki Rusiya daxilində iki ölkə arasında münasibətləri pozmaqla bağlı bir mübarizə başlayıb. Bu çox xatalı bir yanaşmadır. Sözsüz ki, bu, Azərbaycan üçün deyil, Rusiyanın özü üçün zərərlidir. Kremlin milli maraqları Azərbaycanla normal, yüksək səviyyəli, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin formalaşmasını tələb edir. Amma biz görürük ki, Azərbaycan tərəfindən deyil, Rusiyanın içərisindən bu münasibətlərə xələl gətirən qüvvələr baş qaldırır. Bu isə ilk növbədə Rusiya üçün problemlər yarada bilər.
- Rusiya rəsmilərinin bu cür açıqlamaları Azərbaycanla Ermənistan arasında sülh prosesinə necə təsir göstərə bilər?
- Əslində, bu məsələlərə təsirdən daha çox həmin prosesin ayrılmaz bir hissəsi kimi baxmaq lazımdır. Azərbaycanla Rusiya arasındakı münasibətləri pozmaq istəyən qüvvələr Ermənistanda revanşist “hərəkata” dəstək verirlər və onların hakimiyyətə gətirmək istəyirlər. Bu heç kim üçün sirr deyil. Çox təəsüflər olsun ki, “parçala, hökmranlıq et” prinsipini həyata keçirən qüvvələr mövcuddur və onların siyasəti açıq şəkildə özünü göstərir.
- Rəsmi Bakının mövqeyinə bu cür proseslərinin təsir imkanlarını necə dəyərləndirirsiniz?
- Azərbaycan güclü dövlətdir və ölkəmiz regionda öz nüfuzunu, imkanlarını qoruyub saxlaya bilir. Ermənistan isə bu kimi təsirlər qarşısında acizdir. Hətta indiki Ermənistan iqtidarının buna qarşı cəhdləri belə effektiv deyil. Buna misal olaraq keçmiş hərbi canilər olan eks-prezidentlər Serj Sarkisyan və Robert Köçəryanın yenidən hakimiyyətə gəlməməsi və revanşistlərin onların ətrafında birləşməməsi üçün bəyanatlar səviyyəsində fikirlər bildirilsə də, real olaraq buna müqavimət göstərmək üçün təsirli addımlar atılmır. Ona görə də bu gün Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı erməni kilsəsi ilə yanaşı, revanşistlər və üçüncü qüvvələrin birlikdə hərəkəti müşahidə olunur. Düşünürlər ki, Paşinyandan başqa hər hansı bir hakimiyyət revanşist qüvvələrə dəstək verəcək. Hazırda hakimiyyətdə olan qüvvələr isə revanşistlərlə tamam başqa dildə danışır. Bunun da səbəbləri hər kəsə aydındır.