“Troni İnvestisiya Şirkəti” QSC 2024-cü ili 1 milyon 74 min manat zərərlə başa vurub. 2023-cü ildə investisiya şirkəti 224 min manat zərər etmişdir ki, bu da illik müqayisədə zərərin 5 dəfə artması deməkdir.
Banker.az bu barədə QSC-nin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Troni İnvestisiya Şirkəti”nin gəlirləri 8 min 925 manat, ümumi və inzibati xərcləri 766 min manat, maliyyə xərcləri 9 min 492 manat olub.
Hesabat dövründə investisiya şirkətinin cəmi aktivləri 1 milyon 864 min manat olub ki, bu da illik müqayisədə 1% azalmadır. “Troni İnvestisiya Şirkəti”nin cəmi kapitalı 1 milyon 878 min manatdan 26 min manata düşüb, cəmi öhdəlikləri isə 6 min manatdan 1 milyon 838 min manata çatıb.
Qeyd edək ki, “Troni İnvestisiya Şirkəti” QSC 2021-ci ilin oktyabr ayında dövlət qeydiyyatına alınmış və 2022-ci ilin yanvar ayında Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziya əldə edib. Nizamnamə kapitalı 1 milyon 463 min manatdır.