“Anam dövrünün ən məşhur müğənnilərindən biri olub. Onun ifasında bir çox ifalar “Qızıl Fond”-a daxil edilib. Hər kəs bilir ki, anam yaxşı müğənni olub. Niyazinin vaxtında Filarmoniyada işləyib. Günlərlə onu rayonlara göndərirdilər. Efirlərə o qədər də çox çıxmırdı. Muğam savadı olmasa da muğamın bütün şöbələrini bilirdi. Bu fitri istedad idi. Bir “Çahargah” oxuyardı ki, hamı təəccüblənirdi.. Toylarda çox oxuyub. Toylar o vaxt böyük məktəb idi. Elə kəndlərimiz var ki, muğamı adı ilə deyirlər adama.. Özü də anam o vaxt səsgücləndiricilər olmadan ifa edirdi toylarda. Bunun özü də böyük cəsarət idi. Anamın ifasında şirin avazla oxuduğu “Evimizə gəlin gəlir” mahnısı daha populyardır.”
Bunu Moderator.az -a açıqlamasında dövrünün məşhur müğənnisi Validə Mahmudovanın qızı, müğənni Gülnarə Mahmudova deyib. O daha sonra anasının yolunu davam etdirdiyini bildirib:
“Sənətə anamın dəstəyi ilə gəlmişəm. Mənə heç bir qadağa qoymayıb. Yəqin görüb ki, oxuya bilirəm. Övladlardan təkcə məndə səs olub. Məşhur qarmon ifaçısı Gövhər Rzayeva xalam qızıdır. O bizim böyüyümüzdür. Düzdür, arada ondan incimişdim, amma bu gün münasibətimiz yaxşıdır. Bir də görürsən ki, bacı qardaşla da, bacı bacı ilə də düşmən olur. Aramızdan soyuq küləklər əsdi, indi barışmışıq. O məndən böyükdür, addımı da mən atdım. Bu günə qədər çox efirlərə çıxmışam. Heç vaxt efir həsrəti çəkməmişəm. O vaxt bir kanal var idi. İllərlə AZTV-də olmuşam. Sonra başım uşaqlara, ailəmə qarışdı. Bir az da toylar başımı qatdı. Gövhər xanım hər zaman deyir ki, “mən bütün günü efirdəyəm, amma toyum yoxdur”. Müğənnilər efirlərə çıxır ki, toyları çoxalsın, mənim maşallah toylarım var. Bakı kəndlərində qız toylarına gedirəm. Heç efirə çıxmasam da olar. Arada Elgiz Əkbər zəng edib dəvət edir. Sağ olsun. Bir-iki mahnı oxuyub gedirəm” deyə müğənni bildirib.
Gülnarə Mahmudova son günlər efirlərdə əsəbləşərək səsləndirdiyi ifadələrə də aydınlıq gətirib:
“Mən qalmaqal adamı deyiləm. Mənim “Qızıl Fond”-da mahnılarım var. Sənətə dünən gəlməmişəm. Gündəmə də gəlmək istəmirəm. Hər zaman gündəmdə olmuşam. Bundan sonra gündəmə niyə gəlməliyəm ki? Sabir adında bir müğənninin mahnısını oxudum, mənimlə qırğına çıxdı. Mən bu mahnını zapis yazdırıb ifa etməmişəm, klip çəkdirməmişəm ki. Bu mahnını sadəcə toylarda ifa etmişəm, çəkib yutuba yükləyiblər. Ona qalsa hamının mahnılarını toylarda ifa edirlər. Gərək hər kəs hər kəsə qadağa qoysun? Sabir özü də pis oxumayıb. Demirəm ki, pis oxuyub. İnsanlar bildi-bilmədi rəy yazırlar. Bircə onu bilsinlər ki, mən efirlərə gündəmə gəlmək üçün çıxmıram, buna ehtiyacım yoxdur” deyə müğənni bildirib.