Cəlilabad şəhəri Məlik Quliyev küçəsi döngə 1, ev 2-də qeydiyyatda olan Süleyman Nağıyev Ağakişi oğlu ölkə rəhbərliyinə müraciət ünvanlayıb. "DİA-AZ" müraciətin mətnini təqdim edir:
"Sizin diqqət və qayğınız nəticəsində ölkəmizin bütün bölgələrində, o cümlədən Cəlilabad rayonunun inkişafı üçün də milyonlarla manat vəsait ayrılmışdır. Lakin müşahidə olunur ki, bəzi rayonlarda ictimai fəallıq və vətəndaş təşəbbüskarlığı daha yüksək olduğundan, həmin ərazilərdə abadlıq və infrastruktur layihələri daha sürətlə və keyfiyyətlə həyata keçirilir.
Təəssüf ki, Cəlilabad rayonunda ictimai fəallığın zəifliyi və əlaqəli siqnalların azlığı səbəbindən bir çox yol təmiri və abadlıq işləri yarımçıq və natamam şəkildə qalır. Bu vəziyyətin yaranmasında müəyyən maraqlı tərəflərin və şəxsi təsir imkanlarına malik bəzi titul sahiblərinin rolunun olması istisna edilmir.
Möhtərəm cənab Prezident!
Cəlilabad rayonunun inkişafı istiqamətində göstərdiyiniz diqqət və qayğının real nəticələrini yerli səviyyədə daha dolğun hiss etmək üçün, İcra Hakimiyyəti rəhbərliyindən xahiş edirik ki, görülən işlərdə şəffaflıq, məsuliyyət və tamlıq təmin olunsun, hər hansı şəxsi maraqlar, titullar (ictimaiyyət içində o adlar ancaq tez-tez dövlət idarələrinin qapısı döyləndə ən çox istifadə olunan adlardır) və ya qrup təsirləri bu proseslərə müdaxilə etməsin.
Millətimizin rifahı naminə həyata keçirilən abadlıq, infrastruktur və yol çəkilişi işlərinin tam şəkildə, keyfiyyətlə və dövlət başçısının müəyyən etdiyi yüksək tələblərə uyğun icra olunmasını arzulayırıq.
Əminik ki, Sizin ədalətli və prinsipial siyasətiniz nəticəsində Cəlilabad rayonu da digər bölgələr kimi daha sürətlə inkişaf edəcək, xalqımızın rifahı və dövlətimizin qüdrəti daha da artacaq".



























