"Yazırlar ki, növbəti ildən evləri kirayə verənlərin gəlirlərindən 10% vergi tutulacaq. Əslində, hazırda da bu vergi mövcuddur və dərəcəsi 14%-dir (Vergi Məcəlləsnin 124-cü maddəsinə əsasən)..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov bildirib.
Hüquqşünas daha sonra belə davam edir: "Sadəcə təcrübədə əksər kirayə müqavilələri qeyri-rəsmidir və vergi orqanı buna nəzarət edə bilmədiyi üçün vergini də tuta bilmir. Ola bilsin ki, yeni ildən nəzarət güclənəcək. Amma bunu necə edəcəklər – naməlumdur. Çünki Vergi Məcəlləsinə dəyişikliklər layihəsi hələ də dərc olunmayıb. Halbuki, “Büdcə sistemi haqqında” Qanunun 14-cü maddəsinə görə oktyabrın 25-dək dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə mətbuatda dərc edilməli idi. Lakin hələlik yalnız dövlət büdcəsi haqqında qanun layihəsi dərc olunub. Həmişəki kimi bütün sənədləri qəbuldan bir neçə gün əvvəl dərc edib bizi fakt qarşısında qoyacaqlar..."

























