Cənubi Qafqaz regionunda baş verən geosiyasi dəyişikliklər Ermənistanın daxili və xarici siyasətinə ciddi təsir göstərməkdədir. Qarabağ münaqişəsinin başa çatması və regional nizamlamada yeni reallıqların formalaşması İrəvanın qarşısında mühüm seçimlər qoyub.
Bir tərəfdən, regionda uzunmüddətli sülhün təmin edilməsi, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması zərurəti gündəmdədir, digər tərəfdən isə, Ermənistan daxilində köhnə siyasi qüvvələrin və revanşist dairələrin bu prosesi əngəlləmək cəhdləri müşahidə olunur. Hazırkı mərhələdə Ermənistan cəmiyyəti iki istiqamət arasında seçim qarşısındadır: ya regional reallıqları qəbul edib sülh və əməkdaşlıq yolunu seçmək, ya da illərlə ölkəni geriyə aparmış siyasətin təsiri altında qalmaq. Bu reallıqlar fonunda Ermənistanın gələcək siyasi taleyi və bölgədəki sabitliyin qorunması birbaşa olaraq hakimiyyətin və cəmiyyətin göstərdiyi siyasi iradədən asılı olacaq.
Politoloq Samir Hümbətov Sherg.az-a açıqlamasında Ermənistanda yaranmış mövcud vəziyyətin artıq həm Ermənistan cəmiyyətində, həm də siyasi elitasında və ictimai-siyasi mühitində öz təsirlərini göstərməyə başladığını bildirib:
"Məlum məsələdir ki, Paşinyan və onun komandası, eləcə də Ermənistan cəmiyyətinin müəyyən hissəsi Azərbaycan və Türkiyə ilə sülhün əldə olunmasında israrlıdır. Yəni, Azərbaycanla sülh sazişinin bağlanması, Türkiyə ilə əməkdaşlıq və diplomatik əlaqələrin qurulması kimi məsələlərdə razılıq nümayiş etdirirlər. Lakin nə Köçəryan, nə də Sarkisyan və onların dəstək verdiyi qüvvələr bu prosesdə maraqlı deyillər. Səbəb isə bəllidir, onların idarə olunduğu dairələr regionda sülhün yaranmasını istəmirlər. Açıq şəkildə demək lazımdır ki, Köçəryan və Sarkisyanın bağlı olduqları qüvvələr ümumiyyətlə Cənubi Qafqazda sülhün bərqərar olmasının tərəfdarı deyillər. Bu baxımdan, onların bu cür illuziyalara qapılmaları müəyyən mənada anlaşılandır. Onlar düşünürlər ki, əgər bu siyasəti davam etdirsələr, Ermənistan cəmiyyətində hələ də mövcud olan revanşist qüvvələrlə birləşərək Paşinyanı hakimiyyətdən devirmək və yenidən xarici dairələrin maraqlarına uyğun olaraq öz hakimiyyətlərini bərpa etməkləri mümkün ola bilər.
Lakin artıq reallıq tamamilə dəyişib. XXI əsrin 30-cu illərinə yaxınlaşdığımız bir dövrdə əvvəlki düşüncələr və “himayədar güclər”in imkanları əvvəlki kimi deyil. Həmin güc mərkəzlərinin həm siyasi, həm iqtisadi, həm də hərbi potensialı zəifləyib. Buna görə də, hətta kilsə bu prosesə müdaxilə etməyə çalışsa belə, Paşinyanın devrilməsi və yerinə “Qarabağ klanı”nın və ya kilsənin istədiyi namizədin gəlməsi real görünmür".
Ekspert Ermənistan cəmiyyətinin müəyyən hissəsinin artıq bu reallığı başa düşdüyünü söyləyib:
"Azərbaycanın ərazi bütövlüyü məsələsində reallıqları qəbul edən, Qarabağ probleminin həll olunduğunu anlayan qüvvələr Ermənistan daxilində də mövcuddur. Bu şəraitdə əgər Ermənistanda həqiqətən ağıllı və uzaqgörən siyasi qüvvələr varsa, son dövrlərdə baş verən qarşılıqlı səfərlər və Ermənistan-Azərbaycan münasibətlərinə müsbət təsir edən addımlar sülhün bərqərar olmasına imkan yarada bilər. Lakin bunun üçün Paşinyan hökuməti daxili siyasətində ciddi dəyişikliklər etməli, Köçəryan-Sarkisyan cütlüyünün illərlə yürütdüyü revanşist və dağıdıcı xətti tamamilə aradan qaldırmalıdır. Əks halda bu qüvvələrin revanşist meyilləri uzun müddət Ermənistanın həm daxili, həm də xarici siyasətinə mənfi təsir göstərməyə davam edəcək".


























