Naxçıvandan Bakıya və əks istiqamətə uçan təyyarə reyslərində yaranan sıxlıq 100-lərlə tələbələni çətin vəziyyətə salıb. Onlar bilet tapa bilmədikləri üçün seçdikləri ali məktəblərdə təhsillərinə vaxtında başlaya bilməyəcəklər.
Çünki, istər aviakassalarda, istərsə də onlayn satış portallarında sentyabrın 16-na kimi bilet tapmaq mümkün deyil.
Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup tələbə və valideyin məlumat verib.
Bu problem həm Bakıdakı universitetlərə qəbul olunmuş naxçıvanlı tələbələrə, həm də Naxçıvandakı ali məktəbləri seçən Azərbaycanın digər bölgələrindən olanlara aiddir.
Onlar AZAL-dan tələbələr üçün əlavə reyslərin açılmasını tələb edirlər.
ADPU-ya daxil olan Səma Quliyeva da valideyni ilə bərabər günlərdr Naxçıvani hava limanında gözləyir. O, Bakıya tez gedib həm kirayə ev tapmaq istəyir, həm də sənədlərini vaxtında universitetə çatdırmaq istəyir:
“Günlərdir burada gözləyirik. Nəinki tez getmək, hətta dərs başlayana kimi çatmaq mümkün deyil. Deyirlər bilet yalnız sentyabrın axırına var. Amma, artıq pul verənləri o dəqiqə yola salırlar. Universitetə sənədlərimi də təqdim edə bilməmişəm. Hələ qalmaq üçün yer də tapmalıyam. Nə edəcəyimizi bilmirik. Mənim kimi yüzlərlə insan hava limanında gözləyir. Aidiyyatı qurumlar bizə kömək etməlidir.”
Naxçıvan Dövlət Universitetinə yeni qəbul olunmuş Nihad Baxşıyev isə deyir ki, Bakıda bileti yalnız sentyabrın 20-dən sonraya almaq mümkündür:
“Qəbul olmağımla bağlı məlumat alan kimi, aviakassaya bilet almağa getdim. Dedilər senyabr ayının solarına bilet verə bilərlər. Tez getməyim üçün hava limanına yönəltdilər. 3 gündür hava limanında gözləyirəm. Bilet almaq üçün növbəyə yazılıram ,amma, bilet ala bilmirəm. Belə getsə sentyabrın 15-də dərsə çata bilməyəcəyəm. Bu isə ciddi problemlər yaradır. Qalmağa yerim də yoxdur. Sənədləri məcbur qalıb karqo ilə göndərmişəm. Aidiyyatı qurumlar vəziyyəti nəzərə almalıdır. AZAL reysləri artırmalı, ya da tələbələrə hansısa variantla kömək edilməlidir. Yoxsa, yüzlərlə tələbə adını qazanan şəxslərin ciddi problemləri yaranacaq”.
Tələbələr və valideynlər aidiyyəti qurumlara müraciət edərək, problemin tezliklə həll olunmasını tələb edirlər.