Azərbaycan və Gürcüstan arasında qatarların hərəkəti 2020-ci ilin mart ayında koronavirus pandemiyası səbəbindən dayandırılıb. Bir müddət əvvəl Gürcüstanın İqtisadiyyat Nazirliyi qatarların hərəkətinin mayın 1-dən bərpa ediləcəyini bildirsə də, Bakı-Tbilisi-Bakı qatarı fəaliyyətə başlamayıb.
Modern.az-ın məlumatına görə, Gürcüstan və Azərbaycan rəsmiləri arasında sözügedən məsələ barədə ötən ay da müzakirələr aparıb.
Məsələ ilə əlaqədar Gürcüstanda dəmir yollarına nəzarət edən İqtisadiyyat Nazirliyinə sorğu ünvanladıq.
Gürcüstan İqtisadiyyat Nazirliyinin mətbuat katibi saytımıza açıqlamasında bildirib ki, Gürcüstan və Azərbaycan arasında Tbilisi–Bakı marşrutu üzrə sərnişin dəmir yolu xəttinin bərpası istiqamətində danışıqlar davam etdirilir.
Onun sözlərinə görə, iki ölkə arasında sərnişin dəmir yolu xəttinin yenidən fəaliyyətə başlaması yalnız nəqliyyat baxımından deyil, həm də sosial və iqtisadi baxımdan böyük əhəmiyyət daşıyır:
“Biz Gürcüstan və Azərbaycan arasında sərnişin dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyirik. Bu təşəbbüs tərəfdaşlığımızın daha da möhkəmlənməsinə, xalqlarımız arasında əlaqələrin dərinləşməsinə və hər iki ölkədə turizm sektorunun inkişafına mühüm töhfə verəcək”.
Nazirlikdən bildirilib ki, Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyətinin bərpası təşəbbüsü cari ilin iyul ayında Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri cənab Levan Davitaşvilinin Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər zamanı Gürcüstan tərəfi tərəfindən gündəmə gətirilib.
“Səfər çərçivəsində keçirilən görüşlərdən sonra məsələ daha geniş şəkildə, texniki detalları da daxil olmaqla, Tbilisidə Azərbaycan Dəmir Yolları rəhbərliyi ilə müzakirə olunub. Hazırda məsləhətləşmələr davam edir və biz Azərbaycan hökumətinin bu məsələ ilə bağlı qərarını gözləyirik”, – deyə mətbuat katibi bildirib.