“1 il 8 aydır ki, imtahana hazırlaşırdım. Ötən ilin noyabrında keçirilməli olan imtahanı gecikdirib bu ilin avqustuna saldılar. İmtahana 20 gün qalmış mənə imtina gəldi”.
Bu şikayətlə “Qafqazinfo”ya Mingəçevir şəhər sakini Səbinə Cəfərova müraciət edib.
21 yaşlı vətəndaş bildirir ki, 2023-cü ildə Ağdaş Dövlət Humanitar Kollecinin “Ailə və ev təhsili” (hazırda “Məktəbəqədər təhsil” adlanır) ixtisası üzrə fərqlənmə diplomu ilə məzun olub: “1 ildən çoxdur Tərbiyəçi müəllimlərin İşə Qəbulu (TİQ) imtahanına hazırlaşırdım. Lakin iyulun 30-da mənə imtahana buraxılmadığım barədə cavab verilib. İmtina səbəbi olaraq “ixtisasın qeyri-pedaqoji olması” göstərilir. Halbuki biz metodikadan dərs keçmişik, ibtidai siniflərdə pedaqoji təcrübədə olmuşuq. Hətta 2023-cü ildə bu ixtisasla TİQ imtahanında iştirak edən və hazırda müəllim kimi çalışan şəxslər var”.
Şikayətçinin sözlərinə görə, bu barədə rəsmi şəkildə heç bir xəbərdarlıq və ya məlumat yayımlanmayıb: “Yalnız çağrı mərkəzlərindən qeyri-rəsmi cavab verilir. Əgər bu ixtisas uyğun deyilsə, niyə hələ də kolleclərə “Məktəbəqədər təhsil” üzrə qəbul davam edir? Ötən il nazir öz çıxışı zamanı vurğulamışdı ki, bu ixtisası bitirən tələbələr də imtahanda iştirak edə bilər. Lakin indi imtina gəlir”.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən müraciətimizə cavab olaraq bildirildi ki, orta ixtisas təhsili pilləsi üzrə təsnifat 2020-ci ildə Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilib: “Həmin Təsnifata əsasən “Təhsil” ixtisasları qrupuna 5 ixtisas, o cümlədən “Məktəbəqədər təhsil” və “Ailə və ev təhsili” ixtisasları əlavə olunub. 2020-ci ildə bu təsnifat üzrə yeni məzmunlu təhsil proqramlarının hazırlanmasına başlanılmış və 2021-ci ildə müvafiq proqramlar hazırlanaraq təsdiq edilib.
“Məktəbəqədər təhsil” ixtisasının 2021-ci ildə təsdiq olunmuş təhsil proqramına əsasən bu ixtisas üzrə məzunlar mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələrində: dövlət və qeyri-dövlət təhsil müəssisələrində, o cümlədən təşkilatlarda, mərkəzlərdə, birliklərdə və s. işləyə bilərlər. “Ailə və ev təhsili” ixtisasının eyni ildə təsdiq olunmuş təhsil proqramında isə bu ixtisas üzrə məzunlarının ailələrdə, müxtəlif təşkilatlarda, mərkəzlərdə, birliklərdə işləyə biləcəyi qeyd edilib”.