Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında baş tutması gözlənilən görüşə münasibət bildirib. O, tezliklə sülhün əldə olunacağını və Rusiyanın iki Cənubi Qafqaz ölkəsində təsirini tamamilə itirəcəyini söyləyib.
Saakaşvili həmçinin Moskvanın Gürcüstan daxilindəki şəbəkəsi vasitəsilə bu ölkəyə nəzarəti saxladığını, lakin vəziyyətin yaxın zamanda dəyişəcəyini bildirib.
Rusiya regiondan tamamilə kənarlaşdırılır? ABŞ və Qərb Bakı ilə İrəvan arasında sülh bağlandıqdan sonra Tbilisi ilə əlaqələri möhkəmləndirmək üçün nə kimi addımlar ata bilərlər? Hazırda gürcü hakimiyyəti ilə Moskva arasında vəziyyət nə yerdədir?
Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov bildirib ki, Cənubi Qafqazda baş verən hadisələrə Gürcüstanın sabiq lideri Mixeil Saakaşvilinin baxış bucağından yanaşmaq doğru deyil:
“Həbsxanadan vəziyyətin fərqli görünməsi təbiidir. Hazırda ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sülh müqaviləsinin müzakirəsi məqsədilə görüşün keçirilməsi planlaşdırılır. Tərəflər arasında münasibətlərin normallaşması əsas gündəm mövzusudur.
Əgər Rusiyanın Cənubi Qafqazda son 300 illik siyasətinə nəzər yetirsək, mövcud situasiyanın heç də sadə və bəsit olmadığını görmək mümkündür. Əlbəttə, bölgədə hansısa güc mərkəzinin himayəsi ilə dövlətlərarası münasibətlərin tənzimlənəcəyinə müəyyən qədər ümid bəsləmək olar. Lakin bunu hələlik reallıq kimi qəbul etmək tezdir. Ona görə də Vaşinqtonda keçiriləcək görüşün nəticələrini gözləmək daha məqsədəuyğundur.
Sülh müqaviləsinin məhz bu görüşdə imzalanması ehtimalı azdır, lakin bir sıra məsələlər üzrə ümumi razılaşmanın əldə olunacağı gözlənilir. Məsələn, Zəngəzur dəhlizinin açılması və sülh prosesində qətiyyət nümayiş etdirilməsi ilə bağlı razılaşmalar mümkündür”.
Siyasi şərhçinin fikrincə, Azərbaycanın müstəqil və balanslı xarici siyasəti nəticəsində Cənubi Qafqaz qlobal güclərin diqqət mərkəzinə çevrilib:
“Artıq bu məsələlərin həllinin zəruriliyi beynəlxalq aktorlar tərəfindən də anlayışla qarşılanır. Lakin Rusiyanın bölgədən tamamilə sıxışdırılması asan məsələ deyil. Bu istiqamətdə mübarizə hələ uzun müddət davam edəcək. İstər ABŞ, istərsə də digər Qərb dairələrinin hansı məqsədləri güdməsindən asılı olmayaraq, Azərbaycanda sülh və sabitlik şəraiti davam etməlidir.
ABŞ və Qərbin Gürcüstanla bağlı gələcəkdə atacağı addımlar isə bir sıra siyasi və geosiyasi şərtlərdən asılı olacaq. Brüssel və Vaşinqton dəfələrlə bəyan ediblər ki, Gürcüstan Qərbin gözləntilərinə cavab vermədiyi təqdirdə onunla davamlı və dərin münasibət qurmaqda maraqlı deyillər.
Eyni zamanda, Moskvanın Tbilisiyə təsirlərinin də hələ uzun müddət davam edəcəyi ehtimal olunur. Kreml Cənubi Qafqazda geosiyasi mövqelərini qorumaq üçün müxtəlif addımlar ata bilər. Ümumilikdə, Gürcüstan üçün yeni, qeyri-müəyyən bir mərhələnin başlandığını demək mümkündür.”