Kəlbəcərdə beş Azərbaycan hərbçisinin mina partlayışı nəticəsində yaralanması Ermənistanın işğal dövründə həyata keçirdiyi sistemli və planlı mina terrorunun acı nəticəsidir. Bu, təsadüfi bir təhlükə deyil! Ermənistanın azad edilmiş ərazilərimizi uzunmüddətli humanitar və hərbi təhlükəyə çevirmək məqsədi ilə basdırdığı minalərin məntiqi davamıdır. Rəsmi İrəvan hələ də işğal zamanı basdırdığı minaların tam xəritəsini təqdim etməkdən imtina edir, bu isə beynəlxalq hüququn və xüsusilə müharibə sonrası humanitar prinsiplərin açıq şəkildə pozulması deməkdir. Hər dəfə belə bir faciə baş verdikcə, Ermənistanın regionda sülh və sabitliyə deyil, daha çox qarşıdurma və təhlükə mənbəyi kimi çıxış etdiyi bir daha təsdiqlənir. Tərəflər arasında sülh danışıqları aparıldığı bir zamanda mina qurbanlarının artması, Ermənistanın səmimiyyəti və gerçək niyyətləri ilə bağlı ciddi suallar doğurur.
Xatırladaq ki, Kəlbəcər rayonu ərazisində avqustun 5-i saat 19:05 radələrində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələrinin basdırdığı minaya düşüb. Baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib. Onların həyatları üçün təhlükə yoxdur.
5 hərbi qulluqçunun mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.
Millət vəkili Azər Badamov “Sherg.az”a açıqlamasında deyib ki, torpaqlarımızın işağlı zamanı basdırılmış minalar və partlanmamış hərbi sursatlar həm hərbiçilərimiz üçün, həm də öz doğma yurdlarına qayıdan mülki insanlar üçün təhlükə mənbəyi olaraq qalmaqdadır:
“Müharibənin başa çatdığı 5 ilə yaxın dövürdə 300-dən çox insanımız minaya düşərək həlak olmuş və ya da xəsarət almışdır. Müharibə döyüş meydanında başa çatsa da təəssüf ki, mina müharibəsi davam etməkdədir. Ermənisrtana və beynəlxalq təşkilatlara dəfələlərlə müraciət etməyimizə baxmayaraq hələ də minalanmış ərazilərin dəqiq xəritələri ölkəmizə təqdim olunmamışdır. Təqdim olunan xəritələrin dəqiqliyi isə cəmi 20%-dək olmuşdur. Bu da həm ərazilərin minalardan təmizlənmə işlərimizi, həm də azad olunmuş ərazilərin yenidən qurub bərpasını çətinləşdirir. O cümlədən 5 əsgərimizin minaya düşərək xəsarət alması ürək üzücü hadisədir. Belə ki, Ermənistan minalanmış ərazilərin dəqiq xəritələrini bizə təqdim etməməkdə davam etdkcə beynəlxalq təşkilatlar qarşısında bu məsələni mütəmadi qaldırmalı və beynəlxalq normalar çərçivəsində tələbimizi çatdırmalıyıq. Ola bilsin ki, Ermənistanda xəritlərlə bağlı dəqiqləşmə aparmaq çətindir. Çünki, orada hakimiyyətin gücü zəifdir və xəritələr əlində olan şəxslər qəsdən gizlədib iki ölkə arasında münasibətlərin normallaşmasına bu yolla mane olmağa çalışırlar. Amma hər halda biz tələbimiz beynəlxalq platformalarda və diplomatik kanllarla mütəmadi çatdırmalı, Ermənistan hakimiyyətini xəritələrin taleyini düşünməyinə məcbur etməliyik. Ermənistan əgər sülh istəyirsə düşmənçiliyi davam etdirməməli və belə cinayətlərdən əl çəkməlidir”.