Son aylarda regionda baş verən geosiyasi proseslər Cənubi Qafqazda yeni reallıqların formalaşmasına səbəb olub. Bu şəraitdə Azərbaycan və Rusiya arasında münasibətlərin gələcək istiqaməti xüsusi əhəmiyyət kəsb edir. İki ölkə arasındakı əlaqələr təkcə regional sabitlik və təhlükəsizlik baxımından deyil, həm də iqtisadi, humanitar və siyasi əməkdaşlığın dərinləşməsi üçün mühüm rol oynayır.
Bu kontekstdə Düşənbədə keçirilən Azərbaycan-Rusiya görüşü diqqət mərkəzinə çevrildi. Görüş tərəflər arasında son dövrlərdə yaranmış müəyyən gərginliklərin aradan qaldırılması və münasibətlərin normallaşdırılması baxımından dönüş nöqtəsi hesab olunur.
Politoloq Zeynal ƏmrəliyevSherg.az-a açıqlamasında hər iki tərəfin bu görüşü müsbət qiymətləndirdiyini söyləyib:
"Düşənbədə keçirilən görüşlə bağlı həm Azərbaycan, həm də Rusiya öz mövqeyini bildirib. Hər iki tərəf bu görüşü müsbət qiymətləndirib. Həqiqətən də, görüşdən sonra ikitərəfli münasibətlərin normallaşması istiqamətində mühüm addımlar atıldı. Biz qarşılıqlı şəkildə münasibətlərin bərpasının və inkişafının şahidi olduq ki, bu da son dərəcə müsbət haldır. Ümumilikdə, Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafı hər iki dövlətin milli maraqlarına xidmət edir. Azərbaycan hər zaman çalışıb ki, bütün qonşuları, eləcə də dünyanın digər ölkələri ilə əlaqələrini qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirsin. Rusiya bu baxımdan istisna deyil.
İndiyədək Azərbaycan və Rusiya arasında strateji və iqtisadi tərəfdaşlıq münasibətləri mövcud olub. Azərbaycan daim öz üzərinə götürdüyü öhdəlikləri məsuliyyətlə yerinə yetirib. Təəssüf ki, bəzi dövrlərdə qarşı tərəfdən eyni səviyyədə yanaşma müşahidə olunmadığı zaman müəyyən problemlər meydana çıxıb".
Ekspert Azərbaycan dövləti üçün prioritet məsələlərdən birinin vətəndaşlarının hüquq və maraqlarının qorunması olduğunu bildirib:
"Dövlətimiz dünyanın istənilən ölkəsində, o cümlədən Rusiyada yaşayan vətəndaşlarının hüquqlarını müdafiə etmək üçün zəruri addımlar atıb və atmaqda davam edir. Son hadisələr də göstərdi ki, Azərbaycan bu istiqamətdə prinsipial mövqeyini qoruyur və vətəndaşlarının hüquqlarının müdafiəsi üçün sona qədər mübarizə aparacaq.
Bununla yanaşı, Azərbaycan ikitərəfli münasibətlərin inkişafında maraqlı olaraq qarşılıqlı əməkdaşlığın dərinləşməsinə daim önəm verir. Düşənbədə keçirilən görüş bu istiqamətdə mühüm addım kimi qiymətləndirilir. Görüşdən sonra münasibətlərin normallaşdırılması və qarşılıqlı etimadın bərpası istiqamətində real nəticələr əldə olunub.
Hazırda Rusiya-Azərbaycan münasibətlərində əvvəlki gərginlik aradan qalxıb və tərəflər əməkdaşlığın yeni, konstruktiv inkişaf mərhələsinə qədəm qoyublar".
Politoloq Tural İsmayılov isə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlamasının regionda dialoqun əhəmiyyətini bir daha təsdiqlədiyini qeyd edib:
"Düşənbədəki görüş həm Azərbaycan, həm də Rusiya üçün strateji əhəmiyyət kəsb edir. Bakı hər zaman regional sabitliyi qorumağa çalışır və məsuliyyətli mövqe nümayiş etdirir. Gərginlik fonunda yaranan vəziyyətdə günahkar tərəf kimi Azərbaycan göstərilməməlidir. Rəsmi Bakı dialoq və əməkdaşlıq platformalarını daim üstün tutub. Bu görüş iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərini gücləndirdi".
Politoloq Rusiya ilə münasibətlərin tarixi və strateji müstəvidə qiymətləndirilməli olduğunu vurğulayıb:
"Buna baxmayaraq Moskvanın bəzi açıqlamaları və hərəkətləri gərginliyi artırmaq riskini daşıyır.
Azərbaycanın mövqeyi daima prinsipial və balanslı olub. Düşənbədəki görüş konkret nəticələr və gələcək üçün proqramlar təqdim etdi. Azərbaycan regional sülh prosesində aktiv rol oynayır və heç vaxt təxribatçı olmayıb. Görüş həm də qarşılıqlı anlaşmanı dərinləşdirdi. Peskovun açıqlaması Azərbaycanın konstruktiv siyasətini tanımaq anlamına gəlir. Bakı öz maraqlarını qorumaqla yanaşı, regional təhlükəsizliyin təminatçısıdır.
Rusiya daha ölçülü və məsuliyyətli davranmaqla bölgədə gərginliyi azaltmaq imkanı əldə edə bilər".











