“Vaşinqtonda bəyannamənin qəbulu və sülh sazişinin paraflanması artıq Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasından xəbər verir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan liderləri ABŞ prezidentinin iştirakı ilə Birgə Bəyannamə imzaladılar. Həmin gün Ermənistan və Azərbaycanın xarici işlər nazirləri də “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” Sazişin mətnini parafladılar. Bəyannamənin qəbulu və Sülh Sazişinin paraflanması artıq sülhün bərqərar olmasından xəbər verir. Buna baxmayaraq, bir sıra humanitar məsələlər həllini tapmamış qalır”, - o bildirib.
Simonyan qeyd edib ki, bu məsələlərdən biri çoxlu sayda itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi ilə bağlıdır.
Spiker əlavə edib ki, Vaşinqtonda keçirilən görüşün nəticəsi olaraq Ermənistan ABŞ ilə birlikdə “Tramp yolu” təşəbbüsünün qarşılıqlı razılaşdırılmış şəkildə üçüncü tərəflərlə həyata keçirilməsini təmin edəcək:
“Bu, həm dəmir yollarının inkişafını, həm də Ermənistan, Azərbaycan və qonşu ölkələr arasında magistral yolları, boru kəmərləri, elektrik xətləri və rabitə kabellərinin çəkilməsi perspektivini nəzərdə tutur”.












