Şamaxı Rayon İcra Hakimiyyəti Çuxuryurd kəndində istirahət kompleksinin tikintisinə icazə verib.
Yeniavaz.com xəbər verir ki, İcra Hakimiyyəti istirahət kompleksinin tikintisinə 16 sentybar 2025-ci il tarixli 4 saylı sənəd əsasında icazə verib.
Açıqlanan məlumatlarda göstərilir ki, 11 avqust 2022-ci il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə MİHO/2.1.2-2-2022-3989 saylı, həmçinin 13 fevral 2024-cü il tarixində tikinti layihəsinə dair 36899 saylı ekspertiza rəyləri verilib.
Bildirilir ki, tikinti ərazisinin sahəsi 101 hektarı əhatə edəcək. İstirahət kompleksinin ərazisində iki hovuz, 2 idman zalı, hər biri 2 və 3 mərtəbədən (zirzəmili) ibarət 11 fərdi ev, 2 mərtəbəli qonaq evlərindən ibarət olacaq.
Məlumat üçün bildirək ki, Çuxuryurd kəndində tikintisinə icazə verilən istirahət kompleksinin sifarişçisi “Foton” MMC-dir.
Qeyd edək ki, hazırda Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestrində “Foton” MMC (VÖEN – 6800354871) adlı bir şirkət barədə məlumat var. Nizamnamə kapitalı 6 manat olan bu şirkət 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Sabirabad şəhəri, M. Xəlilov ev 35 ünvanında yerləşir.
Bundan başqa barəsində kommersiya qurumlarının dövlət reyestrində məlumat olmayan daha bir “Foton” MMC (VÖEN – 1700439491) haqqında isə 2022-ci ildə “Vergilər” qəzeti məlumat yayıb. Həmin məlumatda qeyd olunurdu ki, “PMD Əmlak” MMC-nin (VÖEN - 1406228571) fəaliyyətinə xitam verilərək “Foton” MMC-yə qoşulur.
Onu da qeyd edək ki, “PMD Əmlak” MMC-nin hüquqi ünvanı ölkənin ən böyük şirkətlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda - Neftçilər prospekti ev 153-də yerləşir.
Xatırladaq ki, 2008-ci ildən sonra Azərbaycanda eyni ad ilə iki kommersiya qurumunun qeydiyyatına icazə verilmir.











