Türkiyənin aparıcı mobil operatoru “Turkcell” Ukraynadakı bütün törəmə şirkətlərini sataraq bu bazardan tamamilə çıxıb.
Yeniavaz.com xəbər verir ki, şirkət “Lifecell”, “Global Bilgi” və “Ukrtower” şirkətlərini ümumilikdə 538,7 milyon dollara fransız iş adamı Xavier Nielə məxsus “NJJ Holding”in törəmə şirkəti olan “DVL Telecom”a ötürüb.
Bu satış nəticəsində “Turkcell”in Ukraynadakı fəaliyyəti rəsmi olaraq sona çatıb. Satışa daxil olan qurumlar – mobil operator “Lifecell”, zəng mərkəzi xidmətləri göstərən “Global Bilgi” və telekommunikasiya infrastrukturu sahəsində çalışan “Ukrtower” artıq “DVL Telecom” şirkətinin tərkibinə daxil edilib. Məlumat “Turkcell” tərəfindən İctimaiyyəti Məlumatlandırma Platforması (KAP) vasitəsilə açıqlanıb.
Qeyd edək ki, “DVL Telecom” Avropada fəaliyyət göstərən telekommunikasiya investisiya şirkətidir və çoxsaylı mühüm satınalmalarla tanınır. Bu qurum, fransız milyarder iş adamı və texnologiya sahibkarı Xavier Niel tərəfindən təsis edilmiş “NJJ Holding”ə məxsusdur. 1967-ci ildə Paris yaxınlığındakı Creteil şəhərində anadan olan Xavier Niel məşhur “Le Monde” qəzetinin də ortaq sahibidir.
“Forbes” jurnalının məlumatına əsasən, Xavier Niel təxminən 12,3 milyard dollar sərvəti ilə dünyada 215-ci yerdə qərarlaşıb.
Onun atası fransız katolik olub və bir əczaçılıq şirkətində patent məsləhətçisi kimi çalışıb. Anası isə Parisdə doğulan, alman əsilli yəhudi qadındır.
Nielin rəhbərlik etdiyi “NJJ Holding” aşağıdakı tanınmış şirkətləri də öz portfelində birləşdirir:
“Free Mobile” (Fransa) – Fransa mobil rabitə bazarının əsas oyunçularından biridir.
“Salt” (İsveçrə) – Mobil və sabit rabitə xidmətləri göstərən şirkət.
“Monaco Telecom” (Monako) – Monakonun rəsmi telekommunikasiya operatoru.
“Eir” (İrlandiya) – İrlandiyanın ən qədim rabitə şirkətlərindən biri.
“Mediawan” (Fransa) – Film və serial istehsalına fokuslanan media qurumu.
Onu da bildirək ki, “Turkcell” Ukraynanın mobil rabitə bazarına 2005-ci ildə daxil olub. Həmin il şirkət Ukraynada fəaliyyət göstərən “Astelit” adlı mobil operatorun əsas səhmdarı olub. Növbəti illərdə “Turkcell “digər səhmləri də əldə edərək 2015-ci ildə şirkətin tam sahibi olub və adını “Lifecell” olaraq dəyişdirib.