Azərbaycan və Ermənistan liderləri cümə günü Vaşinqtonda sülhə dair memorandum imzalamağa hazırlaşırlar. “Middle East Eye” nəşrinin regional mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp tərəflərlə Ağ Evdə görüş keçirəcək.
Mənbələrin verdiyi məlumata görə, imzalanacaq sənəd tam sülh sazişi olmasa da, iki ölkənin sülh prosesinə sadiqliyini əks etdirəcək. Bu addım sülh müqaviləsinin əsas prinsiplərinin yaxın aylarda razılaşdırılmasına zəmin yaradacaq.
“10 iyulda Əbu Dabidə keçirilmiş ikitərəfli görüşdə tərəflər ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O qeyd edib ki, görüşlər sülh müqaviləsi imzalanana qədər müxtəlif platformalarda müntəzəm keçrilməli, görülmüş və görülməli məsələlər müzakirə edilməlidir:
“Əbu Dabi görüşündən sonra Azərbaycan sülh müqaviləsinin paraflanmasına hazır olduğunu bildirib. ABŞ mətbuatında verilən qeyri-rəsmi mənbələrin məlumatına görə isə bu cümə günü Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında Ağ evdə növbəti görüşün olacağı gözlənildiyi qeyd olunur.
Təbii ki, Ağ evdə belə bir görüşün olması Azərbaycan Ermənistan arasında sülh gündəliyinin irəlilətməsi baxımından əhəmiyyətli olacağını hesab edirəm. Çünki, ABŞ Prezidenti Donald Tramp sülh gündəliyimizi dəstəklədiyini və tezliklə sülh müqaviləsinin imzalanması üçün dəstək verməyə hazır olduğunu bildirib”.
Millət vəkili bildirib ki, Ağ evdə dövlət başçılarımızın növbəti görüşü baş tutacağı təqdirdə Azərbaycanla Ermənistan arasında razılaşdırlmış sülh müqaviləsinin mətninin paraflanması həyata keçirilə bilər:
“Sənədin paraflanması tərəflərin sülhə sadiq olduğunun təsdiq olunması deməkdir. Amma bununla yanaşı yekun sülhün imzalanması üçün Ermənistanın icra etməli olan iki məsələ ilə bağlı mövqeyimiz dəyişilməzdir. Belə ki, Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaların çıxarılması və ATƏT-ə Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətin ünvanlanması. Bu iki məsələ həll olunandan sonra iki ölkə arasında yekun sülh müqaviləsinin imzlanması üçün hər hansı bir fikir ayrılıqları qalmayacaqdır”.
Son olaraq deputat onu da əlavə edib ki, Azərbaycanla Ermənistan arasında sülhün imzalanması regiona əməkdaşlıq və inkişaf gətirəcək. Onun fikrincə, bu həm də böyük bir coğrafiya arasında iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açacaq.