Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşü bölgədə yeni sülh mərhələsinə keçid siqnalı kimi qiymətləndirilir. Lakin ekspertlərə görə, proses yalnız sənədin imzalanması ilə deyil, onun davamlı şəkildə həyata keçirilməsi ilə ölçüləcək və bu, həm daxili siyasi təzyiqlərdən, həm də geosiyasi balansdan asılı olacaq.
Bəs görəsən 2025-ci ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilərmi?Politoloq Tural İsmayılov bu barədə Sonxeber.az -a açıqlama verib:
"Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin görüşə hazırlaşması regionda yeni mərhələyə keçidin siqnalı kimi təqdim edilir. Ancaq "sülh bu qədər yaxındır" ifadəsi hələlik daha çox diplomatik optimizmdən qaynaqlanır, nəinki reallıqdan. Məsələ ondadır ki, sülh yalnız sənəd imzalamaqla deyil, həmin sənədin həyata keçirilməsi ilə ölçülür. Ermənistan daxilində hələ də revanşist təbəqələr mövcuddur və bu, Paşinyanın qərarlarını hər zaman təhlükə altına ata bilər.
Vaşinqton platforması isə burada yalnız vasitəçidir, nəticəni tərəflərin siyasi iradəsi müəyyən edəcək. ABŞ-ın Cənubi Qafqazdakı maraqları və bu maraqlar fonunda Rusiyanın zəifləyən təsiri, yeni bir tarazlıq yaratmaq niyyətindən xəbər verir.
İlham Əliyev artıq postmünaqişə dövründə regional reallığı müəyyən edən əsas aktor olduğunu sübuta yetirib. Bu səbəbdən Azərbaycanın sülhə yanaşması yalnız emosional deyil, strateji əsaslara söykənir. Lakin Ermənistanın Zəngəzur dəhlizi, sərhədlərin delimitasiyası və qarşılıqlı tanıma məsələlərində konkret addım atması vacibdir. Paşinyan hökuməti daxili təzyiqlərdən sıyrılıb real qərarlar qəbul etməlidir.
Sülh imzası yaxın görünə bilər, lakin bunun davamlılığı çoxsaylı geosiyasi və daxili faktorlardan asılıdır. Moskvanın prosesdən kənar qalması Rusiyanın bölgəyə təsir gücünün azaldığını göstərir, lakin bu, həm də təxribat ehtimalını artırır. Vaşinqtonun təşəbbüsü Azərbaycan üçün diplomatik manevr imkanlarını genişləndirir, lakin ehtiyatlı optimizm hələ də əsas yanaşma olmalıdır.
Əgər bu sənəd imzalansa belə, onun gerçək uğuru gələcək davranışlarda yoxlanacaq. Qısası, sülh yaxın ola bilər, amma dayanıqlı olması üçün təkcə imza deyil, iradə, məsuliyyət və güvən də lazımdır".