Millət vəkili Ceyhun Məmmədov kişilərin müəllimlik sahəsinə təqaüd yolu ilə cəlb olunmasını məqsədəuyğun hesab etmədiyini bildirib. Onun bu fikri cəmiyyətdə geniş müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı sabiq Təhsil naziri Firudin Cəlilov Bizim.Media-ya açıqlamasında deputatın fikri ilə razılaşmadığını bildirib.
O, hesab edir ki, orta məktəblərdə kişi müəllimlərin sayının artırılması olduqca vacibdir və təqaüd də buna bir vasitədir:
“Orta məktəblərdə kişi müəllim nə qədər çox olsa, bir o qədər tərbiyəli və nizam-intizamlı şagirdlər yetişir. Bu, bir çox məşhur psixoloq və pedaqoqların gəldiyi ortaq nəticədir.
Kişi müəllimlər məktəb mühitinə ciddi töhfə verir”.
Sabiq nazir əlavə edib ki, ali təhsil müəssisələrində isə müəllimin cinsi yox, onun peşəkar keyfiyyətləri əsas götürülməlidir:
“Universitetlərdə müəllimin kişi və ya qadın olmasının fərqi yoxdur. Əsas olan onun qabiliyyəti, bilik və bacarığıdır. Universitet müəllimlərini seçərkən yalnız bu meyar əsas götürülməlidir”.
Firudin Cəlilov eyni zamanda müəllimlik ixtisasını seçənlər üçün təqaüd verilməsi ideyasını da müsbət qiymətləndirib:
“Təqaüd məsələsi çox yaxşı fikirdir. Bu, gəncləri müəllimlik peşəsinə həvəsləndirmək baxımından önəmlidir”.