Hesablama Palatası (HP) bu ilin ilk yarısında həyata keçirdiyi audit tədbirləri zamanı aşkarlanan və ən çox təkrarlanan maliyyə pozuntularını açıqlayıb.
"APA-Economics" bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, pozuntular əsasən aşağıdakı sahələrdə müşahidə olunub:
- Büdcə vəsaitlərinin düzgün proqnozlaşdırılmaması nəticəsində onların təyinatının dəyişdirilməsi;
- Qurumların qanunvericiliklə müəyyən edilmiş funksiyalarına aid olmayan istiqamətlər üzrə vəsaitlərin xərclənməsi;
- Yanacaq və nəqliyyat normasına əməl edilməməsi, beynəlxalq tədbirlərdə artıq xərclərə yol verilməsi;
- “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinin pozulması – satınalma planlarının hazırlanması və icrasında nöqsanlar;
- Tender komissiyalarının fəaliyyəti zamanı şəffaflıq və rəqabət prinsiplərinə əməl olunmaması;
- Satınalma müqavilələrinin icrasında geriləmələr və aşağı icra göstəriciləri;
- Tikintisi başa çatmış obyektlərin vaxtında istismara verilməməsi nəticəsində mühasibat uçotunda qeyri-dəqiq əksolunmalar;
- Dövlət investisiyalarının idarə olunması zamanı normativ aktların düzgün tətbiq edilməməsi.
Hesabatda bu nöqsanların bir çoxunun təkrar xarakterli olduğu və əvvəlki illərdə də müşahidə edildiyi qeyd olunur. Hesablama Palatası bu pozuntuların aradan qaldırılması üçün aidiyyəti dövlət qurumlarına tövsiyələr və təqdimatlar göndərib.