Bakıda dələduzluqda ittiham olunan şəxsin cinayət işi üzrə məhkəmə araşdırmasının hazırlıq iclasında maraqlı fakt üzə çıxıb.
Musavat.com xəbər verir ki, A.Rzalı 4 nəfərə qarşı dələduzluqda ittiham olunur.
Onun cinayət işi üzrə məhkəmə araşdırması Nərimanov Rayon Məhkəməsində baş tutub. Məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı vəsatətlə çıxış edib.
Prokuror ibtidai istintaq orqanı tərəfindən kobud pozuntulara yol verildiyini bildirib.
Bu səbəbdən prokuror işin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini istəyib. Həmçinin müstəntiq barəsində xüsusi qərar qəbul edilməsini məhkəmədən xahiş edib.
Prokurorun vəsatətindən məlum olub ki, cinayət işi materiallarında 17 iyun 2025-ci il tarixdə Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında iş materialları ilə tanışlıq edilməsi və təqsirləndirilən şəxs Rzalının protokolu imzalamaqdan imtina etməsi əks olunur. Lakin həmin tarixdə müstəntiqin və müdafiəçinin təcridxanaya daxil olmadığı müəyyən edilib.
Rəsmi sorğu ilə də məlum olub ki, Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi Kamran Namazov və 25 saylı Vəkil Bürosunun vəkili Xalid Nəbiyev qeyd edilən tarixdə 3 saylı İstintaq Təcridxanasında təqsirləndirilən şəxslə görüşməyiblər.
Hakim Kamal Babayev prokurorun vəsatətini təmin edib. İş ibtidai araşdırmaya - prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb. Müstəntiq barəsində isə xüsusi qərar çıxarılıb.