Yaxşı qonşu uzaq qohumdan qiymətlidir deyib atalar. İmam Hüseyn (ə) hətta “qonşuluq qohumluqdur” buyurub. Əfsus ki, qonşu sarıdan bəxtimiz gətirməyib. Heç gətirməyib.
Doğrudan da, insan qohumun üzünü elə də görmür, nəinki qapıbir qonşunu. Əlbəttə, dürüst və ədalətli qonşudan söhbət gedir. Nanəcib və namərdindən yox. Eyni yanaşma dövlətlərarası münasibətlər üçün də keçərli...
Xəritə hər şeyi deyir. Xəritə həm də tale, qismətdir. Sözsüz ki, özəlliklə cənub və şimal qonşuları – İran və Rusiyanı nəzərdə tuturuq. O İran və Rusiya ki, onların Azərbaycana münasibəti erməni işğalı dövründə bariz şəkildə özünü göstərib və tarixə “qara hərflərlə” həkk olunub.
Azərbaycan xalqı onların pisliyini heç vaxt unutmayacaq. Bu, unudulası məsələ də deyil. O səbəbə ki, məhz Moskva və Tehranın təcavüzkara son anadək verdiyi hərtərəfli, çox vaxt da təmənnasız (!) dəstəyə görə ərazimizin 20%-i on illərlə işğal altında qalıb və talan olunub, şəhər-kəndlərimiz viran edilib, o sırada ekologiyamıza sağalmaz yaralar vurulub, milli-mədəni irsimiz dağıdılıb, 1 milyon soydaşımız illərlə acınacaqlı qaçqın-köçkün həyatı yaşayıb, torpaqlarımızda kütləvi qətliamlar, Xocalı və digər soyqırımları törədilib. Daha betəri, milli heysiyatımız tapdalanıb...
Amma həmin iki qonşunun İrəvana azca göz ağartması kifayət idi ki, süni şəkildə yaradılan bir konflikt çox qısa zamanda, beynəlxalq hüquq və BMT TŞ-nin qətnamələri əsasında yoluna qoyulsun. İstəmədilər. Çünki onların heç biri bölgədə güclü və müstəqil Azərbaycan dövlətinin peyda olmasında maraqlı deyildi. Xain xoflu olar axı.
Yekun bəlli. Biz müstəsna olaraq öz gücümüz və sadiq dost-tərəfdaşlarımız hesabına problemi kökündən həll elədik. Di gəl ki, indi də bunu – özümüzə aid olanı geri qaytarmağımızı bizə bağışlaya bilmirlər. Rusiya rəsmiləri hələ də Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi saymasını “həzm edə” bilmir. Ona görə ki, Moskva İkinci Qarabağ savaşından sonra da bu “problemdən” uzun illər həm Bakıya, həm də İrəvana qarşı öz neo-imperiya planları naminə faydalanmaq niyyətində idi. Planlar suya düşdü.
İran da oxşar səbəblərdən (Güney amili və s.) təbii ki, bizə dost olmayıb, heç vaxt olmayacaq. Bu, SSRİ-nin süqutundan sonra Azərbaycanın müstəqilliyini xeyli sonra, hətta Rumıniyadan da sonra, 8-ci sırada tanıyan bir dövlət. Ona kimi qardaş Türkiyə, Pakistan dərhal tanınma qərarı vermişdi...
Rəsmi Tehranın Zəngəzur dəhlizi ətrafında neçə ildir davam edən isterikası, axır vaxtlar, üstəlik, Moskva ilə “paslaşaraq” məsələni Bakıya qarşı çevirmək cəhdləri onun əsl niyyətini və simasını ortaya qoyur. İranın guya bizimlə səmimi şəkildə qonşuluq əlaqələrinə çalışdığı haqda moizələrini puç edir.
Yeri gəlmişkən, “Past” erməni nəşri yazıb ki, İran Zəngəzur dəhlizindən Böyük Turan planının bir hissəsi olduğuna inandığı üçün qorxur. Sitat: “İran Böyük Turan planının bir hissəsi olduğu üçün Zəngəzur dəhlizinin əleyhinə açıq şəkildə bəyanatlar verir. Həmçinin Tehran ondan çəkinir ki, bu dəhlizin açılması ilə İran Azərbaycanı (Güney Azərbaycan – red.) İrandan ayrılaraq Türkiyə-Azərbaycan tandeminə qoşula bilər”...
Hər şey, şübhəsiz, niyyətə bağlı. “Niyyətin hara, mənzilin də ora”. Azərbaycanın Zəngəzurla bağlı məramı yüzdə yüz xoş. Biz bu yolun tək Türk dövlətlərinə deyil, bölgəyə bağlı bütün xalqlara fayda gətirəcəyinə əminik. O zaman Vilayəti kimilərin “qarnının ağrısı” nə? Hər şey qırağa dursun, Azərbaycandan Azərbaycana (Naxçıvana) maneəsiz keçid cəmi bir əsr qabaq Zəngəzur xəyanəti ilə üzləşmiş bir aborigen xalqın mənəvi haqqı! Bunu necə danmaq olar?
Eləcə də Rusiyanın dəhlizlə bağlı izlədiyi məkrli hədəf hamıya məlum: Güney Qafqazı öz nəzarətində saxlamaq. Amma qatar artıq gedib. Həm şimal, həm də cənub qonşumuz üçün. Əvvəlki hegemonluq daha olmayacaq. Çünki regionda bambaşqa reallıq var. Onunla ya barışacaqlar, ya da... barışacaqlar!
Bir də vaxtında Azərbaycan xalqının dost-simsarı olmaq lazım idi. Şanslar buraxıldı. İndi isə çox gec. Odur ki, məsləhət: tərəfdaş və yaxud yaxşı qonşu ola bilmirsinizsə, barı düşmən olmayın. Bu, ən əvvəl özünüzün xeyrinədir. Bizdən xəbərdarlıq eləmək...
Z. SƏFƏROĞLU - musavat.com