Növbəti həftə ABŞ-nin müxtəlif dairələrindən olan nümayəndələr "Tramp Marşrutu" (TRIPP, Zəngəzur dəhlizi) layihəsini müzakirə etmək üçün Ermənistana səfər edəcəklər. Bu barədə erməni qəzeti "Joqovurd" yazıb. Qəzetin məlumatına görə, amerikalı nümayəndələr dəhlizin təkcə texniki deyil, həm də siyasi detallarını müzakirə edəcəklər. Həmçinin layihəyə investisiya həcmi, prioritetlər və tikinti işlərinə başlama müddətləri mövzusuna da toxunulacaq. Məlumatda bildirilib ki, hazırda rəsmi mənbələr səfərin detalları və gündəliyi barədə məlumat vermirlər. Lakin müzakirələr qapalı formatda keçiriləcək. Qəbul edilən qərarlar isə regionda yeni logistik reallığın formalaşması ilə birbaşa bağlı olacaq.
Politoloq Oqtay Qasımov Sherg.az-a açıqlamasında deyib ki, Ermənistana ABŞ-dən gələcək şəxslər dövlət yox, şirkət nümayəndələridir. Siyasi şərhçi vurğulayıb ki, şirkət təmsilçiləri Ermənistanda gələcək fəaliyyətləri barədə yerində müəyyən məsələləri öyrənməyə, dəqiqləşdirməyə çalışacaqlar:
Politoloq Oqtay Qasımov Sherg.az-a açıqlamasında deyib ki, Ermənistana ABŞ-dən gələcək şəxslər dövlət yox, şirkət nümayəndələridir. Siyasi şərhçi vurğulayıb ki, şirkət təmsilçiləri Ermənistanda gələcək fəaliyyətləri barədə yerində müəyyən məsələləri öyrənməyə, dəqiqləşdirməyə çalışacaqlar:
"Xüsusilə nəzərə alaq ki, ABŞ nümayandələri bölgəni daha geniş aspektdən araşdırmalı, coğrafi relyef şəraitini, texniki detalları öyrənməli və bunun ardınca prosesin texniki əsaslandırması, maliyyəti müəyyənləşməlidir. Yəni nə qədər investisiyanın cəlb olunacağı dəqiqləşməlidir. Bundan savayı, nəzarət mexanizmi həyata keçirilərkən hansı siyasi risklər meydana çıxa bilər, onu tədqiq edəcəklər. Bilirsiz ki, həm Rusiyadan, həm də İrandan müəyyən bəyanatlar, ziddiyyətli fikirlər səsləndirilir. Bütün nüanslar nəzərə alınmaqla ABŞ tərəfindən prosesə start veriləcək. Bu da gözlənilən idi. Çünki 8 avqustda ABŞ və Ermənistan arasında bununla bağlı razılaşma əldə olunub. Dəhlizin işləyəcəyi rejim, ən önəmlisi isə Azərbaycan vətəndaşlarının dəhlizdən asanlaşdırılmış, maneəsiz keçid məsələsi önəmlidir. Əslində, ənənəvi olaraq Qərb standartlarına baxsaq, müəyyən lənglik, yubanmalar olub. Ancaq Vaşinqton razılaşmasının bir ayı tamam olmadan anlaşmanın icrası ilə bağlı işlər başladı. ABŞ Prezidenti Donald Tramp prosesin sürətlənməsində maraqlıdır. Proses nə qədər sürətlənərsə, həm etimad mühiti formalaşar, həm yekun sülhə yaxınlaşma baş verər, həm də Amerika Cənubi Qafqazda öz maraqlarını təmin etmiş olar".
Ekspert Rusiya və İranın dəhlizlə bağlı mövqeyinə də toxunub və mümkün risklərdən söz açıb:
"Rusiya öz hərbçilərinin hələ bölgədə olmasını xatırladır, ABŞ-nin regiona gəlməsindən dolayı yolla narazılığını bildirir. İrandan isə daha açıq şəkildə təhdidlər, hədələr səsləndirilir. İran tərəfdən həmin bölgədə hansısa təxribatların olması da mümkündür. Rusiya sərhədçiləri də maneçilik törətməyə çalışa bilərlər. Rusiyanın agent şəbəkəsi Ermənistanda dəhlizlə əlaqədar işlərin görülməsini mümkün qədər yubatmağa cəhd göstərər. Amma ABŞ-ni nəzərə alan Moskva elə təxribatlara gedəcək ki, burada Kremlin izləri çox görünməsin. Biz bənzər təxribatları 30 il öncə Gürcüstan ərazisində görmüşdük. O vaxt Gürcüstanda Bakı-Tbilisi-Ceyhan xəttinin çəkilişi zamanı "ekologiyanı müdafiə edənlər"dən ibarət şəbəkələri meydana çıxarmışdılar. Onlar bu xəttin guya ekologiyaya zərər vuracağını iddia edirdilər. Ancaq həmin əngəllərin hamısı aşıldı. Təbii ki, oxşar addımların atılması da Zəngəzur dəhlizinin açılmasının önünü ala bilməz. Ermənistan hökumətinin mövqeyi bəllidir. Artıq erməni toplumu da bu reallığı qəbullanmış vəziyyətdədir. Ən əsası isə ABŞ prezidentinin bu məsələdə ciddi marağı və iradəsi var. O baxımdan dəhliz ətrafında müəyyən risklər olsa da, ciddi təxribatlara gedilməsi dövlətlərarası münasibətlərə təsir göstərər. Onsuz da son günlər V.Putinin açıqlamaları, hərəkətləri Trampda məyusluq yaradıb. Kreml bunu daha da qəlizləşdirmək istəməz".