Rusiya rəsmilərinin Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara qarşı zorakılığından sonra Azərbaycanla münasibətlərdə yaranmış gərginliklə bağlı açıqlamalarının məntiqi mübahisəlidir.
Zaxarova deyib ki, “Azərbaycan və Rusiya münasibətlərini pozmağa çalışan qüvvələr var”. Peskov isə bir qədər də irəli gedərək, “Ukraynanın münasibətlərimizi pozmaq və gərginlik yaratmaq cəhdlərini görürük” açıqlamasını verib.
Baş verənlərin arxasında Moskvanın iddia etdiyi kimi, “üçüncü qüvvələr” varsa, bu iki halda mümkün ola bilər:
- ya Rusiya daxilindəki qüvvələr təxribatlar törədir: ki, adətən Kremlin siyasi qərarı olmadan belə hallar baş vermir;
- ya da Rusiya “xarici qüvvələr”in FSB-yə sızaraq, azərbaycanlılara hücum etdiyini açıqlamalıdır;
Moskvanın məsələyə yanaşmasından yalnız bu məntiq çıxır. Ukrayna ilə bağlı iddialara gəlincə, Kiyev müharibə apardığı Moskva ilə nəinki Azərbaycanın, ümumiyyətlə bütün ölkələrin münasibətlərinin pisləşməsində maraqlıdır, bunu gizlətmir də. Lakin Bakının siyasətinə təsir etmək imkanı, yaxud bu məsələdə yönləndirməsi mümkün deyil.
Rusiyanın “kənar qüvvələr” iddiasının məqsədi aydındır: diqqəti törətdikləri zorakılıqdan yayındırmağa və məsuliyyətdən qaçmağa çalışırlar.
Asif Nərimanlı - "DİA-AZ"