“Ukrayna müharibəsi Rusiya daxilində böyük problemlər və narazılıqlar yaradıb. Bu səbəbdən də aqressivləşir, bu yolla daxili problemlərin həllinə cəhd edirlər. Eyni zamanda “İmperiyanı bərpa edirik”,- kimi cəfəng yanaşmaları aparıcı fikirə çevirməklə daxili auditoriyanın diqqətini problemlərdən yayındırır, bu kontekstdə Rusiya daxilindəki etnik qruplara hücumlar edirlər. Çünki belə hücumlar rus cəmiyyətində müsbət qarşılanır. Buna baxmayaraq, Rusiyada çox qorxur və imperiya ambisiyalarını cilovlaya bilmirlər”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında Rusiya-Azərbaycan münasibətlərinin kəskinləşməsini şərh edən Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin üzvü Asim Mollazadə deyib.
Onun sözlərinə görə, indi Rusiyanı idarə edənlər “KQB” (Keçmiş Dövlət Təhlükəsizliyi Komitəsi) siyasətini yeritməklə hər bir problemin həllini bacaracaqlarını düşünürlər.
“Onlar “SSRİ-ni bərpa edəcəyik, zamanında bizimlə olan ölkələrə nəzarəti qaytaracağıq, dünyada aparıcı güc olacağıq”,- kimi fikirləri müdafiə edir və düşünürlər ki, dünyanı nüvə silahı ilə şantaj edə bilərlər. Ancaq bunlar reallıqdan uzaqdır”,- deyə Mollazadə əlavə edib.
Vəziyyətdən çıxış yoluna gəlincə, Mollazadə bildirib ki, imperiyalar dağılmalı və müasir dünyada imperiyalara yer olmamalıdır: “Bir daha qeyd edirəm ki, Rusiya getdikcə nüfuzunu itirir və buna görə də qorxur. Elə bu səbəbdən də aqressiya saçır”.