Ermənistan baş naziri Nikol Paşinyan zərurət yaranarsa, qanunvericiliyə xarici təsir agentlərinin hərəkətlərinə adekvat cavab verməyə imkan verən mexanizmlərin əlavə edilməsini təklif edib.
Belə ki, Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları qarşısında çıxış edən Paşinyan qurumun yeni rəhbəri Andranik Simonyanı kollektivə təqdim etdikdən sonra prioritetləri də açıqlayıb.
Paşinyan düşünür ki, indi əsas diqqəti "təsir agentləri"nə əməlləri formal olaraq cinayət təqibinə məruz qalmayan, əslində isə Ermənistanın müstəqilliyinə və suverenliyinə qarşı yönəlmiş şəxslərə qarşı mübarizəyə yönəltmək lazımdır.
"Onlar cəmiyyətdə erməni xalqının öz ölkəsinin taleyini müstəqil şəkildə təyin etmək hüququnu şübhə altına alan ideyalar yayırlar", - Paşinyan bildirib.
Qeyd edək ki, son zamanlar Ermənistan hökuməti ölkə daxilində qarışıqlıq yaratmaq istəyən qüvvələrə qarşı mübarizəni şiddətləndirib. Bunun nəticəsidir ki, Paşinyan hökuməti erməni kilsəsinə, habelə bəzi biznesmenlərə qarşı artıq fəaliyyətə keçib.
Xatırladaq ki, bir müddət əvvəl Gürcüstanda “Xarici agentlər haqqında” qanunun qəbulu Qərbin böyük təzyiqlərinə və kütləvi etiraz aksiyalarına səbəb olmuşdu.
Görəsən, sözügedən qanunun qəbulu fonunda Qərb Gürcüstanın başına açdığı oyunları Ermənistana münasibətdə də tətbiq edəcəkmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, Ermənistan xarici agentlər haqqında qanunu qəbul etsə də, Qərb buna görə İrəvana, Tiflisdən fərqli olaraq əksinə dəstək olacaq:
“Xarici agentlər haqqında qanunun qəbul olunması hər bir dövlətin öz vətəndaşlarını xarici təsirlərdən qorumaq mahiyyəti daşıyır. Ancaq fikrimcə, xarici agentlər haqqında qanunun Gürcüstan nümunəsilə Ermənistan nümunəsini müqayisə edə bilmərik. Gürcüstanda qəbul edilən bu qanun daha çox Qərbdən gələn xarici agentlərin ölkənin ictimai fikrinə təsirlərini azaltmağa hesablanmışdı.
Ermənistanda isə qəbul etmək istədikləri qanun daha çox Rusiyadan gələn təsirləri neytrallaşdırmağa hesablanmış ola bilər. Ona görə də düşünürəm ki, prinsipial xətt bundan ibarətdir. Bunu Paşinyanın Qərbə qarşı yox, Rusiyaya qarşı mövqeyi kimi qiymətləndirə, qanunvericilik bazasında mübarizə mövqeyi kimi nəzərdən keçirə bilərik”.