Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə telefon danışığından sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib.
Bu barədə "RBC-Ukrayna" məlumat yayıb.
Vladimir Putin Fransa lideri Emmanuel Makrona bildirib ki, Ukrayna münaqişəsi uzun illər Rusiyanın təhlükəsizlik maraqlarına məhəl qoymayan Qərb dövlətlərinin siyasətinin birbaşa nəticəsidir. Putin Makronu işğal altındakı Ukrayna torpaqlarının Rusiya ərazisi kimi tanımağa dəvət edib.
Yelisey Sarayının məlumatına görə, Emmanuel Makron və Vladimir Putin iki saatdan çox danışıblar.
Siyasi şərhçi Kazım Kazımov Sherg.az-a söyləyib ki, Emmanuel Makron və Putin arasındakı danışıqlar artıq 2022-ci ildən bəri intensiv xarakter alıb:
"Fransanın, bütövlükdə Avropanın özünəməxsus bir çox narahatlıqları var. Çünki onlar Rusiya-Ukrayna münaqişəsinin Şərqi Avropaya yayılmasından çəkinirlər. Buna görə də savaşın bitməsini istəyirlər. Lakin tərəflər hələ də ciddi nəticələr əldə edə bilməyiblər. Emmanuel Makron bildirmişdi ki, biz dialoqun tərəfdarıyıq. Lakin Putinin onu Ukraynanın işğal etdiyi torpaqlarının Rusiya ərazisi kimi tanımasını istəməsi heç bir reallığa sığışmayacaq. Ona görə də bunlar sadəcə vaxt uzatma oyunlarıdır. Ümumiyyətlə indiki məqamda Avropanın siyasi gücü yoxdur ki, müharibəni dayandırsın. Əsas ümidlər isə Vaşinqtona bağlanıb".