“Hamı soruşur ki, o yaşda kişi ilə doğrudan evlənəcəksən?”
Bu sözləri Yenicag.az-a açıqlamasında aktrisa Şəbnəm Əliyeva deyib.
O, “Yad qohumlar” serialındakı obrazının cəmiyyətdə birmənalı qarşılanmadığını bildirib. Serialda özündən qat-qat yaşlı kişiyə ərə getməyə hazırlaşan aktrisanın bu addımı ailəsində və sosial şəbəkələrdə təəccüblə qarşılanıb. Onun sözlərinə görə, hətta nənəsi nəvəsinin qoca kişi ilə ailə qurmasını həqiqət kimi qəbul edib:
“Yad qohumlar” serialı çox səs-küyə səbəb oldu və olacaq da. Hamı soruşur ki, o yaşda kişi ilə doğrudan evlənəcəksən? Bunu real hadisə kimi soruşmaları qəribə olsa da bir o qədər də xoşdur. Bu münasibəti obrazı təbi oynamağımın nəticəsi kimi qəbul edirəm. Məni tanımayan insanların seriala real həyat kimi inanmaqları başa düşülə bilər, amma öz doğma nənəmin reaksiyası məni şoka saldı. Nənəm günlərcə ağlayır ki, niyə səni o yaşda kişi ilə evləndirirlər? Niyə əşyalarını yığıb qapı ağzına qoymusan? Deyirik ki, bu, sadəcə obrazdır. İnanmır. Deyir, baş verənlər mənə pis təsir edir. Hələ də təsirdən çıxmayıb. Əslində ailədən bunun real olmadığını bildiyi halda inanan və təsirlənən insanın olmağı sevindirici haldır. Demək, biz işimizi doğrudan da gözəl icra etməyi bacarırıq”.
O, cəmiyyətdə də bu kimi halların baş verdiyini təəssüf hissi ilə bildirib:
“Təəssüf ki cəmiyyətdə bu kimi hallar var – məcburi evlənmək, böyük yaş fərqi olan izdivaclar. Amma inanıram ki, nə vaxtsa bunlara son qoyulacaq. Obrazım Ləmana gəlincə, isə məcburiyyətdən bu izdivaca razılaşıb. Amma onun da öz planı var. Bunu da zamanla hamımız birlikdə görəcəyik”.













