“Rusiya və Azərbaycan arasında münasibətlərin bu şəkildə pisləşməsində hər iki tərəf eyni məsuliyyəti daşımır. Baş verən gərginliyin yeganə mənbəyi və təqsirkarı Rusiyadır. Rusiya Azərbaycanın apardığı siyasətlə bağlı ölkəmizə çox ciddi təzyiq edir”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.
Onun sözlərinə görə, son günlər baş verən hadisə - Ermənistan baş naziri Nikol Pşinyanın Ankaraya səfəri, Ermənistan-Türkiyə münasibətlərinin yeni səviyyəyə qaldırması Moskvanı qıcıqlandırır. İndi ruslar Azərbaycana təzyiq etməklə Türkiyə-Ermənistan münasibətlərində soyuqluq yaratmağa çalışırlar.
S. Cəlaloğlu deyib ki, Rusiya ilə yaranmış problem Azərbaycandan qaynaqlanmır:
“Amma indiki halda əgər güzəştə getsək və adekvat addımlar atmasaq, Rusiya daha ciddi və ağır şərtlərlə üstümüzə gələcək. Bu səbəbdən də, Rusiyanın atdığı addımlara adekvat cavab verməli, əlimizdə olan bütün imkanlardan istifadə edərək Moskvanı fakt qarşısında qoymalıyıq. Mən bunu deyərkən nəyi nəzərdə tuturam? Azərbaycanda rus dilində təhsilin dayandırılması, Azərbaycanın MDB-dən çıxması, Azərbaycan-Rusiya əlaqələrinə yenidən baxılması, Ermənistanla münasibətlərdə Rusiyanın iştirakını birmənalı kənara qoymaq və s”.
Partiya sədri əlavə edib ki, Azərbaycanın Rusiyaya təzyiq etmək üçün kifayət qədər imkanları var. Məsələn, şimal yolunun işləməsinin qarşısının alınması Rusiyaya ən böyük təzyiqlərdən biridir.
Eləcə də rus qazının Azərbaycan üzərindən satılmasının dayandırılması Rusiya üçün ciddi problem olardı.
S. Cəlaloğlu qeyd edib ki, Rusiyanın da əlində Azərbaycana qarşı təzyiq imkanları var: “Amma bizim əlimizdə olan təzyiq alətləri qat-qat güclüdür. Ona görə də, Rusiyanın qarşısından qaçmaq olmaz! Mənim qənaətimə görə, Azərbaycan bu siyasəti Türkiyə və Pakistanla razılaşdırılmış şəkildə davam etdirməlidir”.
Müsahibimizin ehtimalına görə, bu məsələ hansısa mərhələdə Türkiyə və Pakistanın da prosesə müdaxiləsini tələb edə bilər. Yəni, əgər ruslar fikrini dəyişdirməsələr, Azərbaycana qarşı çirkin niyyətlərindən əl çəkməsələr, müəyyən bir mərhələdə müttəfiqlərimizin bu işə qarışması mümkündür. “Odur ki, indi hər şey Rusiyadan asılıdır. Biz Rusiyaya qarşı heç bir addım atmırıq, onların hərəkətlərinə reaksiya verərək, maraqlarımızı müdafiə edirik”,- deyə S. Cəlaloğlu yekunlaşdırıb.