Siyasi quruluş etibarilə SSRİ-nin özünü olmasa da, sərhədlərini bərpa etmək, keçmiş müstəmləkələri əldən buraxmamaq, yeni ad altında necəsə Moskvanın ətrafında birləşdirmək ideyası ötən əsrin 90-cı illərində belə Kremldəkiləri tərk etməyib.
Ancaq 2000-ci ildə Vladimir Putinin bir gecədə prezident Boris Yeltsini əvəz etməsiindən sonra bu ideyanın yavaş-yavaş reallaşdırılması prosesi başlandı.
O zamanlar hələ neftin qiyməti kəllə-çarxa qalxmamışdı, Rusiyaya neft və qaz milyardları axmırdı, ölkə qonşulara hərbə-zorba gələcək qədər güclü deyildi. Ancaq Rusiya varlandıqca, büdcəsi dolduqca dili də uzandı, əli də.
Məhz o zaman artıq fəaliyyətdə olan, ancaq effektiv ittifaq ola bilməyən Müstəqil Dövlətlər Birliyi təşkilatı Rusiyaya dar gəldi. Əsas da ona görə ki, MDB-nin federativ dövlətə çevirmək olmurdu, onu vahid valyuta, gömrük məkanına çevirmək, kollektiv ordusunu yaratmaq kimi ideyaların biri alınanda, o biri müqavimətlə qarşılaşır, alınmırdı. Postsovet ölkələrin bəziləri yumşaq-yumşaq etiraz edir, yenidən “rus boyunduruğu”na boyun vermirdilər.
Bu üzdən Rusiyanın təşəbbüsü ilə Avrasiya İqtisadi İttifaqı yaradıldı. Məqsəd postsovet ölkələri yenidən iqtisadi məkanda birləşdirmək, onların iqtisadi inteqrasiyasına nail olmaq idi. Rusiyanın dominant olduğu yeni federativ dövlət məhz bu zəmində bərqərar edilə bilərdi.
Ancaq MDB üzvü olan postsovet ölkələrin bir çoxu bu kələkdən vaxtında duyuq düşdülər və özlərini Aİİ-dən kənarda tutdular. 2015-ci ildə bu təşkilatın adı dəyişdirilərək daha cəlbedici hala gətirilsə də, onun üzvlərinin sayı 5-i keçmədi. Aİİ üzvləri yenə də Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiyadan ibarət olaraq qaldı.
Göründüyü kimi, Orta Asiya respublikalarından üçü (Özbəkistan, Türkmənistan və Tacikistan), Qafqaz ölkələrindən isə ikisi (Azərbaycan və Gürcüstan) bu birliyə qoşulmayıblar. Ukrayna və Moldova da Aİİ-yə qatılmayıb, sadəcə, sonuncu Aİİ-də müşahidəçi dövlət statusu alıb, o da artıq son illərdə formal səciyyə daşıyır. Moldovanın yolu birbaşa Avropa istiqamətinədir. Ondan başqa, Özbəkistan, Kuba, İran da müşahidəçi statusundadırlar. “Avrasiya hara, Kuba hara” sualı açıq qalır.
Ermənistanın da üzünün Rusiyadan döndüyünü, Qazaxıstan və Qırğızıstanın son iki ildə müstəqil iqtisadi siyasət yeritdiyin, KTMT-nin sammit və təlimlərini boykot etdiyii nəzərə alsaq, Rusiyanın Aİİ-sində artıq Belarusdan başqa sadiq dövlət olmadığını görərik.
Aİİ-nin axırıncı forumu Belarusun paytaxtı Minskdə keçirilib. Rusiya prezidenti Vladimir Putin forumda və ondan sonra təşkil edilən mətbuat konfransında Özbəkistanı israrla Aİİ üzvü olmağa dəvət edib. “Avrasiya İqtisadi İttifaqı ilk növbədə Özbəkistanı tamhüquqlu üzv kimi görmək istərdi”, - Putin deyib.
2020-ci ildən Aİİ-də müşahidəçi statusuna malik olan Özbəkistanın prezidenti Şavkat Mirziyoyev ölkəsinin Aİİ ilə əməkdaşlıq etmək istəyini təsdiqləsə də, üzvlük üçün dəqiq nə vaxt müraciət edəcəyini dəqiqləşdirməyib. Hiss olunur ki, Mirziyoyev Rusiyanı yola verir. Onun səbəbləri də var: Özbəkistanın 2026-cı ilə qədər Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmalıdır, ondan sonra o, təqribən 2027-2028-ci illərdə Aİİ üzvü olmaq barədə fikirləşəcək.
V.Putin isə tələsir və dirəşir. Belarus prezidenti Aleksandr Lukaşenko da ona qoşulub, o da çıxış edərək, Aİİ-də maraqla gözlənilən ölkənin Özbəkistan olduğunu bildirib və Mirziyoyevə deyib: "Siz Aİİ-nin çoxdankı dostusunuz. Bilirsiniz, biz sizi ittifaqımızın tamhüquqlu üzvü kimi Aİİ-də həmişə gözləyirik. Biz buna şad olarıq”.
Bu, açıq-aşkar yalvarışdır, “ittifaqımıza üzv ol, dağılmasın” deməkdir.
Ancaq gerçəklik budur ki, Rusiya nə qədər ümidlənsə də, Özbəkistanın yaxın illərdə Aİİ-yə yaxın getməyəcəyi birmənalıdır. Qoşulan olsaydı, çoxdan qoşulardı.
Son bir ildə Rusiyada yaşayan özbək qastarbayterlərin başına açılan oyunlar, kütləvi deportasiyalar, onların aşağılanması, rus məmurların Özbəkistana qarşı həqarətli açıqlamaları göstərir ki, Rusiya və Özbəkistan arasındakı çat böyüyə-böyüyə getməkdədir. Belə bir ortamda Özbəkistan yenidən öz hüquqlarının bir hissəsini Aİİ-yə və ya başqa bir dövlətüstü quruma verəsi deyil.
Rusiyanın keçmiş müstəmləkələrə qarşı gündən-günə irticaçı xarakter alan siyasəti yaxın illərdə onun tək qalacağından xəbər verir. Kreml xalqları öz ətrafında zorla, təzyiqlə toplamaq, bu zaman onlara heç bir cazibədar təklif verməmək xətti yeridir və bu, postsovet ölkələrdə etirazla qarşılanır.
Bu ölkənin gücü və uğuru pis-yaxşı yeridə bildiyi beynəlmiləlçilik siyasətində idi. Artıq heç bir xalq indiki, şovinizmə yuvarlanmış Rusiyanı sevmir.